BAKI, 2 iyul. TELEQRAF

ABŞ-nin "Google" korporasiyası Avropa Birliyinin antiinhisar orqanları tərəfindən tətbiq edilən rekord cərimədən verdiyi şikayət təsdiqlənməyib. AB korporasiyanı mobil əməliyyat sistemi bazarında dominant mövqeyindən sui-istifadə etməkdə ittihamlayıb.

Teleqraf xəbər verir ki, Avropa Birliyinin Lüksemburqdakı Ali Məhkəməsi cümə axşamı günü "Google" və onun törəmə şirkəti "Alphabet"in apelyasiya şikayətini rədd edib.

Məhkəmə "Android" əməliyyat sistemi ilə işləyən cihazlarda "Google Search"in təşviqi ilə bağlı cərimənin qanuniliyini təsdiqləyib.

Hüquqi proses 2018-ci ildə Avropa Komissiyası tərəfindən başladılıb. Şirkət axtarış sistemindəki mövqeyini gücləndirmək üçün smartfon istehsalçıları və operatorlarının "Android"dən istifadəsini məhdudlaşdırıb.

"Google"a qarşı ilkin iddiada cərimə tələbi 4,34 milyard avro olub.

2022-ci ildə Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının qərarlarını təsdiqləyib, lakin cəriməni 4,125 milyard avroya endirib.
"Google" aşağı məhkəmənin işin hallarını qiymətləndirməsində səhvə yol verdiyini iddia edərək qərara etirazını bildirib, lakin Aİ-nin ən yüksək məhkəməsi antiinhisar orqanlarının mövqeyini dəstəkləyib.

Şirkət əvvəllər qərarın əsassız olduğunu bildirib və məhkəmənin "Google"ın "Android"in inkişafına qoyduğu investisiyaları nəzərə almadığını qeyd edib. Korporasiya həmçinin digər böyük texnologiya şirkətlərinin də öz xidmətlərini təşviq etmək üçün oxşar təcrübələrdən istifadə etdiyini vurğulayıb.

Bu cərimə Avropa antiinhisar tənzimləməsi tarixində rekorddur. Son on ildə "Google" müxtəlif rəqabət pozuntularına görə Aİ-də təxminən 11 milyard avro cərimə olunub.