BAKI, 2 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton administrasiyası Panama kanalının Çinin nəzarətinə keçməsinə imkan verməyəcək.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Şimali Dakota ştatında çıxışı zamanı danışıb.

“İndi isə Çin Panama kanalına nəzarəti ələ keçirməyə çalışır. Biz buna imkan verməyəcəyik”, - deyə ABŞ lideri bildirib.

Tramp çıxışında ABŞ-nin vaxtilə kanalı Panamaya verməsindən də narazılığını ifadə edib. O qeyd edib ki, bu qərar nəticəsində Panama böyük gəlir əldə edib.

“Bu, indiyədək inşa etdiyimiz ən bahalı layihələrdən biri idi. Eyni zamanda ən gəlirli layihələrdən sayılırdı”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl də Panama kanalı üzərində Amerikanın nəzarətinin bərpa olunmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Çinin bu strateji su yolunda kommersiya mövcudluğu ABŞ-nin təhlükəsizlik və ticarət maraqları üçün risk yaradır.

Qeyd edək ki, 1914-cü ildə istismara verilən Panama kanalı ABŞ tərəfindən tikilib və uzun müddət Vaşinqtonun nəzarətində olub. 1977-ci ildə imzalanan Torrixos–Karter müqaviləsinə əsasən kanalın idarəçiliyi mərhələli şəkildə Panamaya təhvil verilib və bu proses 1999-cu ildə başa çatıb. Müqavilə kanalın neytral statusunu və beynəlxalq ticarət üçün açıq qalmasını nəzərdə tutur.