BAKI, 27 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazında kommersiya gəmisinə hücumdan sonra İran ərazisinə zərbələr endirildiyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, komandanlığın yaydığı məlumata görə, ABŞ hərbi aviasiyası İranın raket və pilotsuz uçuş aparatları anbarlarını, eləcə də sahilyanı radiolokasiya obyektlərini hədəfə alıb.

CENTCOM bildirib ki, əməliyyat iyunun 25-də Sinqapur bayrağı altında üzən "M/V Ever Lovely" yük gəmisinin kamikadze dronlarla hücuma məruz qalmasından sonra həyata keçirilib.

Məlumatda qeyd olunub ki, mülki gəmiyə hücum atəşkəs rejiminin və gəmiçilik azadlığının pozulması kimi qiymətləndirilib.

ABŞ Mərkəzi Komandanlığı əlavə edib ki, Amerika qüvvələri Hörmüz boğazından keçən kommersiya gəmilərinin təhlükəsizliyini təmin etməyə və İranla əldə olunmuş razılaşmalara əməl olunmasına nəzarəti davam etdirir.