BAKI, 27 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranı yenidən atəşkəs rejimini pozmaqda ittiham edib və Vaşinqtonun mümkün cavab tədbirləri ilə bağlı konkret açıqlama verməkdən imtina edib.

Teleqraf xəbər verir ki, Ağ ev rəhbəri bildirib ki, İran qüvvələri iyunun 25-də Hörmüz boğazından keçən gəmiyə pilotsuz uçuş aparatları ilə hücum edib.

"Mən cavab tədbiri görəndə bunu biləcəksiniz", - deyə Tramp jurnalistlərin ABŞ-nin mümkün addımları ilə bağlı sualını cavablandırarkən bildirib.

ABŞ prezidentinin sözlərinə görə, İran dörd pilotsuz uçuş aparatı ilə "çox bahalı gəmini" hədəfə alıb. O qeyd edib ki, Amerika qüvvələri həmin dronlardan üçünü məhv edib.

Tramp bildirib ki, gəmi ciddi zərər görməyib, lakin müəyyən zədələr alıb.

"Onlar bunu etməməli idilər", - deyə ABŞ lideri vurğulayıb.

Tramp daha əvvəl də İranın ABŞ ilə əldə olunmuş atəşkəs razılaşmasını "çox ağılsız şəkildə" pozduğunu bəyan etmişdi.

Bu arada İranın dövlət teleradio şirkətinin məlumatına görə, üç xarici tanker Tehranın icazəsi olmadan Hörmüz boğazından keçməyə cəhd göstərib. İran Hərbi Dəniz Qüvvələri həmin gəmiləri dayandıraraq marşrutlarını dəyişməyə məcbur edib.

İranın Fars körfəzinə Nəzarət İdarəsi isə iyunun 25-də bəyan edib ki, Tehran tərəfindən müəyyənləşdirilmiş marşrutlardan kənarda hərəkət edən gəmilərin təhlükəsizliyinə zəmanət verilmir.