BAKI, 26 iyun. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın ətrafındakı bəzi şəxslərin İrana qarşı hərbi əməliyyatın məqsədlərinin genişləndirilməsinə çalışdığını bildirib.
Teleqraf xəbər verir ki, Vens bunu Kaliforniya ştatının Yorba-Linda şəhərində yerləşən Riçard Nikson Prezident Kitabxanasında çıxışı zamanı, Bürgenştokda Tehranla qarşılıqlı anlaşma memorandumunun icrasına dair aparılan danışıqları şərh edərkən deyib.
Onun sözlərinə görə, Tramp administrasiyası bəzi müttəfiqlərinin tənqidinə məruz qalıb. Səbəb isə onların prezidentin əvvəlcədən müəyyən etdiyi hədəfləri dəyişdirməyə çalışması olub.
"Donald Tramp bizə dedi ki, onların adi silahlarını məhv etmək, güc nümayiş etdirmək imkanlarını aradan qaldırmaq və heç vaxt nüvə silahına sahib olmamalarını təmin etmək istəyir. Lakin bəziləri hesab edirdi ki, bununla kifayətlənmək olmaz və başqa məqsədlər də müəyyənləşdirilməlidir. Düşünürəm ki, prezidentin uğurunun əsas səbəbi bu çağırışlara boyun əyməməsidir", - deyə Vens bildirib.
ABŞ vitse-prezidenti əlavə edib ki, proses hələ yekunlaşmasa da, hazırkı mərhələdə hadisələr plan üzrə inkişaf edir.
"İş hələ başa çatmayıb, amma indiyədək hər şey yaxşı gedir", - deyə o vurğulayıb.