BAKI, 25 iyun. TELEQRAF

ABŞ Geoloji Xidməti (USGS) Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayının 10 mindən 100 minə qədər ola biləcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, insan tələfatının bu aralıqda olması ehtimalı 44 faiz təşkil edir. Eyni zamanda, ölənlərin sayının 100 mini keçməsi ehtimalı isə 30 faiz olaraq qiymətləndirilir.

Xatırladaq ki, Venesuelada 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bundan sonra ABŞ Milli Meteorologiya Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Paytaxt Karakasın San-Bernardino rayonunda yaşayış binasının çökməsi nəticəsində dağıntılar altından ölən və yaralanan şəxslər çıxarılıb. Daha sonra şəhərdə daha bir binanın uçduğu bildirilib.

***

07:32

Venesuelada 7,5 maqnitudaya çatan güclü zəlzələ baş verib. Hadisədən sonra ölkədə dağıntılar qeydə alınıb, sunami təhlükəsi elan olunub və fövqəladə vəziyyət tətbiq edilib.

Teleqraf xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, ilk zəlzələnin maqnitudası 7,1 olub. Yeraltı təkanların episentri Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib.

Daha sonra ABŞ Geoloji Xidməti (USGS) bir dəqiqə fərqlə 7,1 və 7,5 maqnitudalı iki güclü zəlzələnin baş verdiyini açıqlayıb.

Yeraltı təkanlar paytaxt Karakasda da hiss olunub. Şəhərdə çoxmərtəbəli binalar da daxil olmaqla bir sıra tikililər dağılıb, beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.

Venesuelanın daxili işlər naziri Diosdado Kabello Karakasda baş verən dağıntılar nəticəsində ölənlərin olduğunu bildirib.

Ölkə rəhbərinin səlahiyyətlərini icra edən Delsi Rodriges ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

ABŞ Geoloji Xidməti zəlzələ nəticəsində insan tələfatının 100 mini keçməsi ehtimalını 30 faiz qiymətləndirib. Qurum əvvəlcə iqtisadi ziyanın ölkənin ümumi daxili məhsulunun 2-20 faizi həcmində ola biləcəyini bildirsə də, sonradan bu proqnozu 1-5 faizə endirib.

Rusiyanın Venesueladakı səfirliyi ölkədə yaşayan Rusiya vətəndaşlarını sakit olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Diplomatik nümayəndəlik zərərçəkənlər arasında Rusiya vətəndaşlarının olub-olmadığını araşdırır.

Beynəlxalq monitorinq xidməti NetBlocks zəlzələdən sonra ölkədə internet xidmətində ciddi problemlərin yarandığını açıqlayıb.

Nayib Bukele Venesuelaya 300 xilasedici və həkimdən ibarət qrup, həmçinin 50 ton avadanlıq və dərman göndərəcəklərini bildirib. ABŞ və Braziliya da humanitar yardım göstərməyə hazır olduqlarını açıqlayıblar.