BAKI, 25 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp NATO-nun Ankarada keçiriləcək sammitinə əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanə hörmət əlaməti olaraq qatılacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı danışıb.

"Əgər sammitə Türkiyə ev sahibliyi etməsəydi və onu Prezident Ərdoğan təşkil etməsəydi, düşünmürəm ki, ora gedərdim. Əksər insanlar üçün belə bir addım atmazdım", - deyə ABŞ lideri bildirib.

O, NATO üzrə müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtona kifayət qədər dəstək verməməsindən narazı olduğunu da qeyd edib.

Trampın sözlərinə görə, Ərdoğan ona zəng edərək ABŞ-nin sammitdə iştirakının vacibliyini vurğulayıb.

"O mənə zəng edib dedi: 'Zəhmət olmasa, gəl. Sammit Türkiyədə keçirilir və ABŞ-nin iştirakı vacibdir'. Mən də Prezident Ərdoğana hörmət əlaməti olaraq gedəcəyəm", - deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İranla münaqişə dövründə Ərdoğanın kənarda qalmasını və Tehrana İsrailə qarşı dəstək verməməsini yüksək qiymətləndirir.

Qeyd edək ki, NATO-nun Ankaradakı sammiti iyulun 7-8-də keçiriləcək.