BAKI, 21 iyun. TELEQRAF
Almaniyanın Bavariya əyalətinin baş naziri və Xristian-Sosial İttifaqının lideri Markus Zöder Ukrayna vətəndaşlarına Bürgergeld işsizlik müavinətinin verilməsinin dayandırılmasına çağırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində danışıb.
Markus Zöder bildirib ki, əcnəbilərə ödəniş sisteminin yenidən nəzərdən keçirilməsi vergi islahatının həyata keçirilməsi üçün əlavə maliyyə vəsaitinin ayrılmasına imkan verə bilər.
"Qanunvericilik sistemi elə dəyişdirilməlidir ki, ukraynalılar artıq Bürgergeld proqramı hesabına maliyyələşdirilməsinlər", - deyə o vurğulayıb.
Bavariya hökumətinin rəhbəri eyni zamanda miqrantların deportasiyası hallarının artırılmasının və könüllü şəkildə ölkəni tərk etmələrinin təşviq edilməsinin tərəfdarı olduğunu bildirib.
Onun sözlərinə görə, bu addımlar dövlət büdcəsinə düşən yükün azaldılmasına kömək edə bilər.