BAKI, 17 iyun. TELEQRAF
Yeni Kaledoniyada iyun ayının 28-nə planlaşdırılan seçkilər Fransa müstəmləkəçiliyinə qarşı müstəqillik mübarizəsi aparan yerli xalq üçün tarixi və taleyüklü əhəmiyyət kəsb edir.
Teleqraf xəbər verir ki, bu barədə Kaledoniya İttifaqının fəalı Brenda Vanabo-İpeze "AnewZ" kanalına müsahibəsində danışıb.
O bildirib ki, qarşıdan gələn əyalət seçkiləri bölgənin siyasi gələcəyini təyin etməklə yanaşı, yerli kanak xalqının öz müqəddəratını həll etməsi baxımından həlledici mərhələdir:
"Kanakların vəziyyətindən bəhs edərkən Fransanın regiondakı 173 illik müstəmləkəçi siyasətini unutmaq olmaz. Biz artıq neçə ildir ki, bu seçkilərin keçirilməsini tələb edirdik. Çünki bu səsvermə yerli əhaliyə qarşı yönələn və ayrı-seçkiliklə müşayiət olunan 40 illik idarəçiliyi dəyişmək üçün mühüm bir imkandır".
Fəal rəsmi Parisin seçici siyahılarının genişləndirilməsi ilə bağlı planlarına da toxunub və bunu kəskin tənqid edib:
"Seçici korpusunun süni şəkildə artırılması, Yeni Kaledoniyanın Fransa mülkü olaraq qalmasını istəyən qüvvələrin hakimiyyətdə qalması üçün qurulmuş bir oyundur. Eyni zamanda, təklif edilən qondarma Bujeval sazişi də regionun dekolonizasiyası (müstəmləkəçilikdən azad olması) prinsiplərinə tamamilə ziddir. Biz bu sənədi adanın Fransanın tərkibində saxlanılmasına xidmət edən növbəti hiylə hesab edirik. Məhz buna görə Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) hələ ötən il keçirdiyi fövqəladə konqresdə bu sazişi qəti şəkildə rədd edib".
B.Vanabo-İpeze sonda əlavə edib ki, Kanakiyanın gələcək taleyi Fransa hökumətinin istəyi ilə deyil, yalnız və yalnız yerli xalqın azad iradəsi və rəyi nəzərə alınmaqla həll olunmalıdır.