BAKI, 17 iyun. TELEQRAF
Çinin xarici işlər naziri Van İ Yaxın Şərqdə əldə olunan ABŞ–İran atəşkəs razılaşmasının qorunmasının vacibliyini bəyan edib və tərəfləri bu sazişə qəti şəkildə əməl etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin dövlət xəbər agentliyi "Xinhua" məlumat yayıb.
Pekində keçirilən mətbuat konfransında çıxış edən Van İ regionda davamlı təhlükəsizlik sisteminin qurulmasının fundamental əhəmiyyət kəsb etdiyini vurğulayıb:
"Hazırda dünya zəncirvari qlobal böhranlarla üz-üzədir. Qlobal təhlükəsizlik mühiti gözlənilməz risklər səbəbindən getdikcə daha mürəkkəb xarakter alır. Belə bir şəraitdə ədalətli nizamın qorunması mütləqdir".
XİN rəhbəri həmçinin inkişaf etməkdə olan ölkələrin qlobal qərarqəbuletmə proseslərində daha geniş təmsil olunmalı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, miqyasından asılı olmayaraq bütün dövlətlər beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvləridir.
Qeyd edək ki, rəsmi Pekinin bu bəyanatı Vaşinqton-Tehran atəşkəsinin sürdüyü həssas bir dövrə təsadüf edir. Bununla belə, regionda sabitlik hələ də kövrəkdir; "Al Jazeera"nın məlumatına görə, İsrail ordusu Livanın cənubuna yeni hava zərbələri endirməkdə davam edir.