BAKI, 17 iyun. TELEQRAF

Bu gün TÜRKPA Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Efkan Ala ilə görüşüb.

Teleqraf xəbər verir ki, TÜRKPA Baş katibi Ramil Həsən TÜRKPA-nın həyata keçirdiyi layihələr, Türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı istiqamətində atılan addımlar və gələcək planlar barədə geniş məlumat verib.

Öz növbəsində AK Parti sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili Efkan Ala TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, həm Türkiyə dövlətinin, həm Türkiyə hökuməti və parlamentinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə atılan addımların qardaş türk dövlətləri arasında strateji münasibətlərin yeni mərhələyə keçməsi istiqamətində mühüm bir addım olduğunu qeyd edib, TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə lazımi bütün dəstəyi göstərəcəyini vurğulayıb.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.