BAKI, 17 iyun. TELEQRAF

Hazırda rəqəmsal iqtisadiyyat qlobal ÜDM-in 17,3 faizini təşkil edir. 2025-ci ildə dünyada texnologiyalara çəkilən xərclər 5,2 trilyon ABŞ dollarına çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Hesabalama Palatasının sədr müavini Nəsir Sadıqov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal İctimai Audit” tədbirində çıxışı zamanı deyib.

O qeyd edib ki, bu göstərici qlobal ÜDM-in təxminən 4,4 faizinə bərabərdir və əvvəlki 4,9 trilyon dollarlıq proqnozu üstələyib:

“Son illərdə süni intellekt, böyük verilənlərin analitikası (Big Data), bulud texnologiyaları və digər innovativ həllərin sürətli inkişafı dövlət qurumlarının daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradıb.

Bu dəyişikliklər ali audit qurumlarının fəaliyyətinə də birbaşa təsir göstərib.

Ali audit qurumları dövlət vəsaitlərinin səmərəli, qənaətli və məqsədyönlü istifadəsinə nəzarət etməklə ictimai hesabatlılığın və şəffaflığın təmin olunmasında əsas rol oynayırlar.

rəqəmsal həllər audit nəticələrinin ictimaiyyətə daha şəffaf və əlçatan formada təqdim olunmasına şərait yaradır ki, bu da dövlət idarəçiliyinə inamın gücləndirilməsində mühüm rol oynayır”.

O əlavə edib ki, bu imkanlarla yanaşı, həllini gözləyən mühüm çağırışlar da mövcuddur:

“Artan kibertəhlükəsizlik riskləri, məlumatların keyfiyyəti və etibarlılığı ilə bağlı narahatlıqlar, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, eləcə də süni intellektin istifadəsinə dair etik və hüquqi çərçivələrin müəyyənləşdirilməsi ali audit qurumlarının gündəmində duran əsas məsələlər sırasındadır.

Bundan əlavə, sürətlə dəyişən texnoloji mühit audit metodologiyalarının və institusional yanaşmaların davamlı yenilənməsini tələb edir”.