BAKI, 17 iyun. TELEQRAF
Hesablama Palatasının istifadə etdiyi DIAS (Data and Information Access Services) Sisteminə 628 dövlət qurumu qoşulub və 17 növ hesabat sistem vasitəsilə toplanır.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının auditoru Hilal Hüseynov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal İctimai Audit” tədbirində çıxışı zamanı deyib.
O əlavə edib ki, hazırda 1082 istifadəçi sistemdən yararlanır:
“Bundan əlavə, toplanan məlumatların təhlili üçün 100-dən çox meyardan istifadə olunur və istifadəçilərə dəstək göstərən 28 moderator fəaliyyət göstərir.
Növbəti mərhələdə Süni intellekt həllərinin tətbiqi, Dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya və Məsafədən və ya rəqəmsal audit imkanlarının yaradılması istiqamətləri üzrə inkişaf planlaşdırılır.
Gözlənilən nəticələr isə Risklərin erkən mərhələdə müəyyən edilməsi, Məlumatlara əsaslanan qərarların qəbul edilməsi, Audit müddətlərinin optimallaşdırılması və Resurslardan daha səmərəli istifadədir.
İnformasiya sistemlərindən asılılığın artdığını nəzərə alaraq, informasiya sistemlərinin auditi üzrə bacarıqların inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır”.