BAKI, 17 iyun. TELEQRAF
Fransa millisinin nümayəndələri dünya çempionatının qrup mərhələsində Seneqal üzərində qazanılan 3:1 hesablı qələbədən sonra oyunun keçirildiyi stadionun ot örtüyünü tənqid ediblər.
Teleqraf xəbər verir ki, futbolçular və məşqçilər ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLayf" stadionundakı meydanın vəziyyətindən narazı qaldıqlarını bildiriblər.
Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo meydanın təbii örtükdən çox süni örtüyə bənzədiyini deyib.
"Bunun meydan adlandırılıb-adlandırılmayacağını belə bilmirəm. Elə hiss yaranırdı ki, örtük daha çox süni qazonu xatırladırdı. Meydan çox sərt idi", - deyə futbolçu bildirib.
Fransa yığmasının baş məşqçisi Didye Deşam da mətbuat konfransında ot örtüyünü "özünəməxsus" adlandırıb.
"Məncə, qazonun altında beton qat var. Liflər çox qısadır", - deyə mütəxəssis qeyd edib.
Deşam əlavə edib ki, meydan ötən il klublararası dünya çempionatının bəzi oyunlarının keçirildiyi vaxtkı vəziyyətdən fərqlənir.
"Topun sıçrayışı bir qədər fərqlidir. Ancaq komandamız bu şəraitə uyğunlaşacaq", - deyə Fransa millisinin baş məşqçisi vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Braziliya millisinin futbolçuları Vinisius Junior və Bruno Gimaraynş da Mərakeşlə oyundan sonra həmin stadionun meydanının vəziyyətindən narazılıqlarını ifadə etmişdilər.
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Növbəti turda Fransa millisi İraq yığması ilə qarşılaşacaq.