BAKI, 17 iyun. TELEQRAF

ABŞ hökuməti bu yaxınlarda izahı olmayan anomal hadisələri (UAP) əks etdirən çoxsaylı faylları ictimaiyyətə açıqlayıb. Dünyanın müxtəlif ölkələrində aparılan sorğular göstərir ki, insanların təxminən üçdə biri yadplanetlilərin olduğuna inanır.

Teleqraf xəbər verir ki, bu barədə “The Conversation” yazıb.

Kainat haqda informasiyalar yerdənkənar sivilizasiyaların mövcud ola biləcəyini göstərsə də, yadplanetlilərin dünyamıza gəlməməsinin üç inandırıcı səbəbi var.

Kosmos böyükdür, hətta çox böyükdür

Kosmos o qədər nəhəngdir ki, bunu təsəvvür etmək belə çətindir.

Günəşə ən yaxın qonşu ulduz - Proksima Sentavr bizdən təxminən 40 trilyon kilometr uzaqdadır. Bu məsafə Günəşlə Yer kürəsi arasındakı məsafədən 268 min dəfə çoxdur. Astronomik ölçü vahidi ilə bu, 4,3 işıq ilinə bərabərdir.

İşıq ili işığın saniyədə 300 min kilometr sürətlə hərəkət edərək bir il ərzində qət etdiyi məsafədir.

Mövcud texnologiyalarla biz kosmosda ancaq işıq sürətinin çox kiçik hissəsi ilə hərəkət edə bilirik. Ən sürətli kosmik aparatımız olan “Parker Solar Probe” maksimum saniyədə 191 kilometr sürətlə hərəkət edir, bu da işıq sürətinin cəmi 0,064 faizinə bərabərdir. Bu sürətlə Proksima Sentavra çatmaq üçün ona 6650 il lazım olardı. Nəzərə alsaq ki, bu, bizə ən yaxın kosmik qonşudur, demək, bir insan ömrü ərzində kosmik səyahət üçün daha böyük sürətlər tələb olunur.

İndi isə təsəvvür edək ki, işıq sürətilə hərəkət etmək mümkündür. Bu zaman belə bir sürətlə bağlı problem yaranır.

Albert Eynşteynə görə, zaman nisbidir, zamanın axını kainatın hər yerində eyni deyil. Gəmi Yerdən nə qədər sürətlə uzaqlaşsa da, onun sərnişinləri üçün zaman bir o qədər yavaş keçəcək. Buna “zamanın genişlənməsi” (time dilation) deyilir.

Məsələn, Skott Kelli Beynəlxalq Kosmik Stansiyada (ISS) keçirdiyi bir ildən sonra Yerə qayıdanda onun yaşı eyni genetik quruluşa malik əkiz qardaşından bir neçə millisaniyə daha az idi. Bunun səbəbi hərəkətdə olan obyektlər üçün zamanın daha yavaş keçməsidir. ISS isə saatda 28 150 kilometr sürətlə hərəkət edir. Bu fərq Kelli qardaşları üçün əhəmiyyətsiz olsa da, yadplanetli üçün uzaq ulduz sistemindən Yerə gəlib-qayıtmaq üçün lazım olan böyük sürətləri nəzərə alsaq, bu fərq çox daha böyük əhəmiyyət daşıyacaq. Onlar öz vətənlərinə qayıtdıqda planetlərini tərk etdikləri vaxtla müqayisədə xeyli yaşlanmış vəziyyətdə görəcəklər - bəlkə də yüzillərlə daha yaşlı. Sanki zaman içində sürgün edilmiş olacaqlar.

İnanılmaz dərəcədə yüksək enerji tələbatı

Bütün bunlardan əlavə, ulduzlararası səyahət ağlasığmaz dərəcədə böyük enerji tələb edir.

Sürət artdıqca kosmik gəminin kütləsi də artır, nəticədə onu daha da sürətləndirmək üçün getdikcə daha çox enerji lazım olur. İşıq sürətinə çatdıqda kosmik gəminin kütləsi sonsuz dərəcədə böyük olar, sonsuz miqdarda enerji tələb edərdi. Bu isə mümkün deyil.

Digər mühüm problem ondan ibarətdir ki, kosmos vakuumdur, amma tamamilə boş deyil. Orada narahatlıq yaratmağa kifayət edəcək qədər hissəciklər mövcuddur. Bu hissəciklər sərnişinlər və yüksək sürətlə hərəkət edən kosmik gəminin avadanlıqları üçün potensial ölümcül radiasiya yarada, hətta gəmini tamamilə məhv edə bilər. İşıq sürətində hərəkət zamanı seyrək şəkildə yayılmış hidrogen atomları güclü radiasiyaya çevrilir, yaranan istilik isə korpusa zərər verir və nəticədə onu məhv edir.

Fizik Migel Alkuberrenin fikrincə, işıq sürətindən daha sürətli hərəkət nəzəri cəhətdən mümkün olsa da, bunun da öz problemləri var, hazırda bunun üçün lazım olan enerji tələbatını qarşılamaq mümkün deyil.

Nəticədə belə bir sual yaranır: Yerə gəlmək üçün niyə bu qədər enerji sərf etsinlər?

Bizdə olan hər şeyi kifayət qədər inkişaf etmiş bir sivilizasiya öz planetində də yarada bilər.

Unikal biosfer

Daha bir problem biosferimizdir. Alimlərin sözlərinə görə, o, ancaq Yer kürəsi üçün unikal hesab olunur.

Həyat və planet bir-biri ilə sıx şəkildə bağlıdır. Əgər 2,4 milyard il əvvəl birhüceyrəli mikroorqanizm növü olan sianobakteriyalar əsasən azotdan ibarət Yer atmosferini oksigenlə zənginləşdirməsəydi, mürəkkəb həyat formaları mövcud ola bilməzdi.

Oksigen bizim üçün zəhərli deyil, amma çox reaktivdir və yerdənkənar canlılar üçün güclü korroziya yarada bilər. İnsanların əlverişsiz mühitlərə daxil olarkən etdikləri kimi, qoruyucu skafandr geyinə bilərlər. Amma yadplanetlilərin Yerə səyahətləri barədə yayılan hekayələrdə hansısa qoruyucu geyimdən istifadə edildiyi qeyd olunmur.

Bəs yerdənkənar sivilizasiyalar mövcuddurmu?

Əgər yadplanetlilər burada deyillərsə, ümumiyyətlə mövcuddurlarmı? Bu, həm elmi, həm də fəlsəfi baxımdan maraqlı sualdır. Elm adamlarının hələ kifayət qədər məlumatı olmasa da, bu istiqaməti fəal şəkildə araşdırırlar.

Hazırda 4700 ulduz sistemində təxminən 6200 ekzoplanet aşkar edilsə də, heç biri Yer kürəsi və ya Günəş sisteminə bənzəmir.

Ulduzların əksəriyyətinin ən azı bir planeti var, təkcə bizim qalaktikada 100 milyarddan çox ulduzun olduğu hesab edilir. Buna görə də planetlərin sayı astronomik dərəcədə çoxdur, bəziləri həyat üçün əlverişli ola bilər.

Daha yaxın məsafədə, Günəş sistemində də hazırda və ya keçmişdə mikrob həyatı üçün potensial mövcud ola bilər. Bu ehtimal Mars, Avropa (Yupiterin peyki), Enselad və Titan (Saturnun peykləri) üçün də nəzərdən keçirilir.

Əgər Günəş sistemində həyatın iki dəfə yarandığını aşkar etsək, bu, bütün kainatda həyatın mövcud olma ehtimalını əhəmiyyətli dərəcədə artıracaq.

1960-cı illərdən etibarən əsasən radioastronomiyadan istifadə etməklə, ağıllı yerdənkənar həyatın axtarışı aparılır. Bu sahədə ən böyük layihələrdən biri Kaliforniya Universiteti, digəri isə Oksford Universiteti tərəfindən həyata keçirilir. Amma indiyədək bütün cəhdlər nəticəsiz qalıb. Kainatın 13,8 milyard illik tarixini nəzərə alsaq, bir insan ömrü - maksimum 100 il ərzində ağıllı yerdənkənar həyat tapmaq, olduqca çətin missiyadır. Bununla belə, 1959-cu ildə “Nature” jurnalında dərc olunan araşdırmada qeyd edildiyi kimi, uğur şansını qiymətləndirmək çətindir. Ancaq bir şey aydındır: axtarmasaq, uğur ehtimalı sıfıra enəcək.