BAKI, 17 iyun. TELEQRAF
“Əgər Ermənistan vətəndaşları arasında bizim kursumuzla razılaşmayan insanlar varsa, sizi bu gün küçələrə çıxmağa, ölkədə inqilab etməyə və hökuməti dəyişdirməyə çağırıram, əks halda, bu prosesi dayandırmaq mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə sual-cavab sessiyası zamanı deyib.
Hökumət başçısı radikal müxalifətin sülh prosesinə qarşı təbliğatını sərt tənqid edib. Paşinyan vurğulayıb ki, informasiya sahəsində bu cür dağıdıcı tezisləri saxlamaq cəhdləri yalnız ölkəni sonsuz münaqişə məntiqinə qaytarmağa çalışan “üçbaşlı müharibə koalisiyası” – Samvel Karapetyan, Qaqik Sarukyan və Robert Köçəryan tərəfindən edilir, hakimiyyət tərəfindən irəli sürülən sülh gündəliyi isə bu cür fərziyyələri aradan qaldırır.
Nikol Paşinyan etiraf edib ki, ötən seçkilər zamanı müxalifət külli miqdarda seçki rüşvəti paylayasa da, dövlət strukturları ilk dəfə olaraq belə güclü institusional əks-hücum nümayiş etdirə bilib: “Seçki rüşvəti paylayanların Ermənistanın siyasi həyatından silinməsi gündəliyimizin prioritetinə çevrilir və onları bütün mümkün vasitələrlə bir-bir kökündən kəsəcəyik”.
Paşinyan vurğulayıb ki, bu gün dövlət üçün yeganə təhlükə mənbəyi ölkə daxilində revanşist qüvvələrin və onların peyklərinin hərəkətləridir. O əlavə edib ki, sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıdığı Almatı Bəyannaməsinin möhkəm təməli üzərində qurulub: “Amma parlamentdəki müxalifət fraksiyaları şüarları, simvolları və 29 743 kvadrat kilometr ərazi ilə məhdudlaşmamaq barədə iddiaları ilə qonşularına müharibə elan edirlər. Bununla onlar birbaşa təhlükəsizlik təhdidləri yaradır, bütün qonşuları Ermənistana qarşı birləşməyə təhrik edirlər”.