BAKI, 17 iyun. TELEQRAF
Ermənistanda Yunanıstan, ABŞ və Fransadan olan kontingentlərin də iştirak etdiyi “Qartal Tərəfdaşı - 2026” hərbi təlimlərinin rəsmi açılışı olub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbi təlimlər iyunun 25-dək davam edəcək.
Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun, Kanzas Milli Qvardiyasının, Fransa və Yunanıstan ordularının hərbçiləri iştirak edir.
Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Təlimlərin əsas məqsədləri sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin əməliyyat uyğunluğu səviyyəsini artırmaq; komandanlıq və nəzarət, taktiki rabitə sahəsində ən yaxşı təcrübələri mübadilə etmək və Ermənistan Respublikasının sülhməramlı bölməsinin döyüş hazırlığını gücləndirməkdir”.