BAKI, 17 iyun. TELEQRAF

“Son seçkilər zamanı Ermənistan vətəndaşlarına rüşvətlər xarici qüvvələrin köməyi ilə paylanıb. Həmin qüvvələr regionda vəziyyətin partlayış həddinə çatmasında maraqlıdırlar. Bəli, seçki rüşvəti vasitəsilə konkret olaraq (Ermənistan və Azərbaycan arasında – red.) müharibə təhlükəsi yaratmaq istəyirdilər”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz reallığı yaxşı bilirik”, - o vurğulayıb.

Paşinyan əlavə edib ki, Ermənistanda “Qarabağ hərəkatı”nı davam etdirməməlidir.

“Ölkəmizin parlamentində həmin (ləğv edilmiş separatçı rejimin) bayrağının olması müharibə təhlükəsi deməkdir”, - Baş nazir vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Dilican şəhərindəki son görüşü məhz həmin müharibə təhlükəsini idarə etmək məqsədi daşıyıb:

“Çox maraqlıdır ki, mən əvvəllər belə sürətlə görüşlərin təşkil olunduğunu xatırlamıram. Çünki adətən “kim gələcək, hara gələcək, nə vaxt gələcək” kimi məsələlər uzun vaxt aparırdı. Amma bu onu göstərir ki, hər iki tərəfdə burada hansısa təxribat və ya sui-qəsd xarakterli planın mövcud olduğu hissi var idi və buna reaksiya vermək lazım gəlirdi”.

Paşinyan bu formatda görüşün ilk dəfə Ermənistanda keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, növbəti görüşün Azərbaycanda keçiriləcəyi gözlənilir:

“Ermənistan və Azərbaycanın bununla sülh gündəliyinə sadiqliklərini bir daha təsdiqləməsi çox vacibdir”.