BAKI, 17 iyun. TELEQRAF

“Real Madrid” klubu UEFA-ya müraciət edərək “Barselona” ilə bağlı “Neqreyra işi” üzrə intizam araşdırmasının bərpa olunmasını istəyib.

Teleqraf xəbər verir ki, "kral klubu" katalonların İspaniya Hakimlərinin Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyra ilə bağlı ödənişləri üzrə yeni sübutların olduğunu bildirib.

“Real” UEFA-dan bu məsələ ilə bağlı müvafiq intizam tədbirləri görülməsini tələb edib. Klub hesab edir ki, “Barselona”nın uzun müddət ərzində Neqreyraya etdiyi şəffaf olmayan ödənişlər yarışların bütövlüyünə ciddi təhlükə yaradır.

Madrid klubu açıqlamasında bildirib ki, UEFA-nın əvvəllər başladığı intizam prosesinin bərpa olunması vacibdir və məsələ ilə bağlı qərarın verilməsini gözləyir.

Qeyd edək ki, “Neqreyra işi” “Barselona”nın hakimlər komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməsi ilə bağlıdır. Kataloniya klubu isə bu ödənişlərin hakimlərin qərarlarına təsir məqsədi daşımadığını bildirib.