BAKI, 17 iyun. TELEQRAF
Bazar iştirakçılarının hazırkı hazırlıq səviyyəsini nəzərə alaraq, ilkin mərhələdə İslam maliyyəsi çərçivəsində “islam pəncərəsi” modelinin tətbiqinə qərar vermişik. Növbəti mərhələdə isə tələbatı qiymətləndirərək tammiqyaslı tətbiq barədə qərar qəbul ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə Mərləzi Bankın sədri Taleh Kazımov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan İslam Maliyyəsi üzrə 27-ci İDB Qlobal Forumu çərçivəsində deyib.
O qeyd edib ki, Mərkəzi Bankının nəzarəti altında artıq iki bank öz məhsullarını uğurla sınaqdan keçirir.
T.Kazımov əlavə edib ki, ölkədə islam maliyyəsinin uğurlu inkişafı iki əsas istiqamətdə irəliləyiş tələb edir:
“Birincisi, hüquqi bazanın inkişaf etdirilməsi və tənzimləyici çərçivənin aydınlığının təmin olunmasıdır. İkincisi isə ölkədə islam maliyyəsi sisteminin fəaliyyətini təmin edəcək insan kapitalının inkişafıdır.
Biz artıq bu yola qədəm qoymuşuq. İslam maliyyə alətlərinin tətbiqini mümkün etmək üçün Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər həyata keçiririk. Məqsəd ənənəvi və islam maliyyəsi arasında bərabər rəqabət şəraitini təmin etməkdir”.