BAKI, 17 iyun. TELEQRAF

"Ölkədə oğlan uşaqlarına verilən üstünlük gələcəyimizi böyük risk altına alır. Əgər demoqrafik balansda qızların hesabına azalma gedirsə, 15-20 ildən sonra cəmiyyətdə qadınların sayı kəskin şəkildə aşağı düşəcək, bu da birbaşa doğumun azalmasına, demoqrafik böhrana gətirib çıxaracaq".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasına verdiyi müsahibədə deyib.

O qeyd edib ki, rəsmi statistik göstəricilərə görə, Azərbaycanda hər 100 qıza 113 oğlan düşür.

"Halbuki norma 100-ün 105-ə, 106-ya olan nisbətidir. Bu, təkcə narahatlıq doğuran deyil, həm də düşündürücü nəticədir. Biz davranışımızı, münasibətimizi dəyişməliyik".

Komitə sədrinin sözlərinə görə, ailədə qız uşağının doğulmasına fərqli münasibət ailə içində qadına qarşı psixoloji təzyiqdir:

"Dövlət Komitəsi olaraq biz bu məsələnin həlli üçün çox ciddi qanunvericilik təşəbbüsləri üzərində işləyirik".

Qeyd edək ki, geniş müsahibə bu gün 21:30-da Teleqraf İnformasiya Agentliyi və "Azad Azərbaycan" Televiziyasında yayımlanacaq.