BAKI, 17 iyun. TELEQRAF
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton sabiq prezident Co Baydenin 2024-cü il seçkilərində yenidən prezidentliyə namizəd olmaq qərarını ciddi səhv adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "The New Yorker" jurnalının baş redaktoru Devid Remnikə müsahibəsində danışıb.
"Bu, onun özü, siyasi irsi və ölkə üçün dəhşətli səhv idi", - deyə Klinton bildirib.
Onun fikrincə, Bayden prezident seçkilərində iştirakdan vaxtında imtina edərək liderliyi yeni nəsil siyasətçilərə təhvil versəydi, Demokratlar Partiyası respublikaçı Donald Trampı məğlub edə bilərdi.
Klinton qeyd edib ki, belə bir halda demokratlar namizədin müəyyənləşdirilməsi üçün tamhüquqlu daxili partiya mübarizəsi aparmaq imkanı qazanardılar.
Keçmiş dövlət katibi Baydenin seçki yarışında qalmaq qərarını "ciddi yanlış hesab" kimi qiymətləndirib. Xatırladaq ki, 2024-cü ildə prezidentin yaşı və səhhəti ilə bağlı narahatlıqlar fonunda Demokratlar Partiyasının bir sıra nümayəndələri onu seçki kampaniyasını dayandırmağa çağırmışdı.
Bayden 2024-cü il iyulun 21-də yenidən seçilmək niyyətindən imtina edib. O, prezidentlik müddətinin sonuna qədər vəzifəsini icra etməyə diqqət yetirəcəyini bildirib və vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasının namizədi kimi dəstəkləyib.