BAKI, 17 iyun. TELEQRAF
Azərbaycanda nail olmağa çalışdığı rəqəmsal təminat modelinə keçidi bir neçə mərhələ ilə təsvir etmək olar. Burada birinci mərhələ əl əməyindən proqram təminatı dəstəkli auditə keçiddir.
Teleqraf xəbər verir ki, bu barədə Hesablama Palatasının auditoru Hilal Hüseynov İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində təşkil olunan “Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal İctimai Audit” tədbirində çıxışı zamanı deyib.
O qeyd edib ki, bu mərhələdə auditorlar məlumatların çıxarılması və uyğunlaşdırılması üçün standart sorğu dillərindən və ayrıca audit proqramlarından istifadə etməyə başlayırlar:
“Əsas diqqət balansların yenidən hesablanması və nəzarət mexanizmlərinin yoxlanılması kimi rutin tapşırıqlara yönəlir.
İkinci mərhələ məlumat analitikasının inteqrasiyasıdır.
Bu mərhələdə auditorlar İT alətlərindən yalnız konkret faylların yoxlanılması üçün deyil, həm də müasir analitik vasitələrdən istifadə edərək tendensiyaların müəyyənləşdirilməsi və böyük həcmli məlumatların vizuallaşdırılması üçün yararlanırlar”.
H.Hüseynov əlavə edib ki, üçüncü mərhələ fasiləsiz audit və monitorinqdir:
“Bu mərhələdə audit prosesləri avtomatlaşdırılır. Proqram təminatı müəssisələrin ERP sistemlərinə birbaşa qoşularaq anomaliyaları aylar sonra deyil, baş verdiyi anda aşkar edir.
Dördüncü mərhələ koqnitiv auditdir.
Bu mərhələ süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqini nəzərdə tutur. Bu texnologiyalar risk sahələrinin proqnozlaşdırılmasına, həmçinin müqavilələr və elektron məktublar kimi strukturlaşdırılmamış mətnlərin təhlilinə imkan yaradır”.