BAKI, 14 iyun. TELEQRAF
İsveçrənin Cenevrə şəhərində G7 sammitinə qarşı keçirilən kütləvi etiraz aksiyası zamanı polis nümayişçilərin hücumlarından qorunmaq üçün gözyaşardıcı qaz tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.
Məlumata görə, Fransanın Evian şəhərində iyunun 15-17-də keçiriləcək G7 sammitinə etiraz olaraq təşkil edilən və şəhər hakimiyyəti tərəfindən razılaşdırılmış aksiyada təxminən 20 min antiqlobalist iştirak edib.
Bildirilir ki, əvvəlcə dinc xarakter daşıyan etiraz qısa müddətdə nəzarətdən çıxaraq iğtişaşlara çevrilib. Etirazçılar şəhərin mərkəzində avtomobilləri yandırıb, mağaza vitrinlərini qorumaq üçün quraşdırılmış taxta örtükləri söküb, banklara, ofislərə və reklam lövhələrinə ziyan vurublar.
İğtişaşlar nəticəsində bir sıra beynəlxalq təşkilat və şirkətlərin ofisləri, o cümlədən Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Yayım Birliyinin binaları zərər görüb.
Müxtəlif ərazilərdə vandallar polis əməkdaşlarına taxta parçaları, fişənglər və digər pirotexniki vasitələr atıblar. Etirazçıların bir hissəsi küçə daşlarını yerindən çıxararaq polisə tərəf atmağa başlayıb.
Hüquq-mühafizə orqanları vəziyyətə nəzarəti bərpa etmək məqsədilə gözyaşardıcı qazdan istifadə edib.
***
19:49
İsveçrənin Cenevrə şəhərində G7 sammiti ərəfəsində minlərlə antiqlobalist küçələrə çıxaraq müharibələrə, kapitalizmə və aparıcı dövlətlərin siyasətinə qarşı etiraz aksiyası keçirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib.
Məlumata görə, Fransanın Evian şəhərində iyunun 15-17-də keçiriləcək G7 sammiti öncəsi “No G7” hərəkatının təşkil etdiyi yürüşə on minlərlə insan qatılıb.
Aksiyada qadın hüquqları müdafiəçiləri, Fələstin tərəfdarları, kürd təşkilatlarının nümayəndələri, həmkarlar ittifaqları, iqlim fəalları və digər qruplar iştirak ediblər.
Etirazçılar “Fələstinə azadlıq”, “Biz hamımız antifaşistik” kimi şüarlar səsləndirib, həmçinin G7 ölkələrinin siyasətini tənqid edən plakatlar daşıyıblar.
Nümayiş zamanı “Biz hamımız qrenlandiyalıyıq” və “Bir daha heç vaxt” kimi şüarlar yazılmış bannerlər də nümayiş etdirilib.
Qeyd edək ki, G7 sammiti iyunun 15-17-də Fransanın Evian şəhərində keçiriləcək və burada qlobal təhlükəsizlik, iqtisadiyyat və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.