BAKI, 16 may. TELEQRAF
İran ətrafındakı müharibə və Hörmüz boğazının bağlanması Somalidə dəniz quldurluğunun yenidən güclənməsinə səbəb olub.
Teleqraf xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Məlumata görə, münaqişə səbəbindən kommersiya gəmiləri təhlükəli zonadan yayınmaq üçün Afrika ətrafından keçən daha uzun marşrutlardan istifadə etməyə başlayıb. Nəticədə gəmilər Ədən körfəzi və Somali sahilləri yaxınlığından hərəkət edir.
Bildirilir ki, Hörmüz boğazının bağlanması qlobal neft, qaz və mühüm xammal daşımalarına ciddi təsir göstərib. Daha əvvəl dünya üzrə bu məhsulların təxminən 20 faizi həmin marşrut vasitəsilə daşınırdı.
Yeni marşrutlar daşıyıcı şirkətlər üçün əlavə xərclər yaradıb. Yanacaq, sığorta və digər ödənişlərin artması səbəbindən hər gəmi üçün əlavə xərcin təxminən 1 milyon dollara çatdığı qeyd olunur.
CNN yazır ki, bölgədə gəmi hərəkətinin artması fonunda son həftələrdə Somali quldur dəstələri bir neçə gəmini ardıcıl şəkildə ələ keçirib. Bu isə dəniz quldurluğunun yenidən canlandığını göstərə bilər.
Somali Federal Parlamentinin deputatı Mohamed Dini bildirib ki, quldurluğun artmasına həm xarici amillər, həm də ölkədaxili qeyri-sabitlik təsir göstərib.