BAKI, 14 iyul. TELEQRAF
Hörmüz boğazında iki tankerin hücuma məruz qalması nəticəsində bir nəfər həlak olub, daha səkkiz nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi BƏƏ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, insident Omanın ərazi sularında baş verib. Hücuma məruz qalan tankerlərin hansı ölkəyə və ya şirkətə məxsus olduğu barədə məlumat açıqlanmayıb.
BƏƏ Müdafiə Nazirliyi hadisə nəticəsində bir ekipaj üzvünün öldüyünü, səkkiz nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Hücumun kim tərəfindən həyata keçirildiyi və tankerlərə hansı vasitələrlə zərbə endirildiyi barədə əlavə məlumat verilməyib.
***
01:02
Hörmüz boğazında hərəkətdə olan bir neçə gəmi silahlı hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, boğazda üzən bir neçə gəmiyə atəş açılıb. Hadisənin təfərrüatları açıqlanmayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi, eləcə də atəşə tutulan gəmilərin hansı ölkələrə və ya şirkətlərə məxsus olduğu barədə məlumat verilməyib.
İnsident nəticəsində zərərçəkənlərin olub-olmaması da hələlik məlum deyil.