BAKI, 14 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtı Sənadakı hava limanına zərbə endirməzdən əvvəl bu addımı Vaşinqtonla razılaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampı planlaşdırılan əməliyyat barədə əvvəlcədən məlumatlandırıb və onun dəstəyini istəyib.

Mənbələrin bildirdiyinə görə, Tramp Ər-Riyadın bu addımını dəstəkləyib.

Axios qeyd edir ki, Səudiyyə Ərəbistanının hücumdan əvvəl ABŞ ilə məsləhətləşməsi krallığın husilərlə genişmiqyaslı qarşıdurmadan ehtiyatlandığını göstərir. Nəşrin qiymətləndirməsinə görə, Ər-Riyad belə bir ssenaridə Vaşinqtonun hərbi və diplomatik dəstəyinə ehtiyac duya biləcəyini nəzərə alıb.

Xatırladaq ki, Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı Səna hava limanına endirilən zərbəyə görə Səudiyyə Ərəbistanını məsuliyyət daşımaqda ittiham edib və gərginliyin azaldılması dövrünün başa çatdığını bəyan edib.

Husilər həmçinin cavab olaraq krallığın Əbha beynəlxalq hava limanına ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbə endirdiklərini açıqlayıblar.