BAKI, 14 iyul. TELEQRAF

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropa ölkələrinin Ukraynanı fəal şəkildə silahlandırdığını və Kiyevlə birgə hərbi istehsal layihələri həyata keçirdiyini bildirib.

Teleqraf xəbər verir ki, Vuçiç bu barədə Parisdə serbiyalı jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ukrayna Fransa istehsalı olan 16 ədəd “Rafale” qırıcı təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. Eyni zamanda Kiyev Avropa ilə birlikdə “Freya” sistemlərinin istehsalını nəzərdə tutan layihəyə qoşulub.

Vuçiç qeyd edib ki, “Aster” raketləri ilə təchiz olunacaq və ballistik, eləcə də qanadlı raketlərə qarşı müdafiə üçün nəzərdə tutulan sistem üzərində Ukrayna ilə birlikdə səkkiz Avropa ölkəsi çalışacaq.

Serbiya lideri əlavə edib ki, Ukrayna Fransa və İtaliyanın birgə hazırladığı SAMP/T zenit-raket komplekslərini də əldə edib.

“İstənilən halda, ukraynalılar ciddi şəkildə silahlanırlar. Avropa da onları ciddi şəkildə silahlandırır”, - deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, Aleksandar Vuçiç Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə Parisdə səfərdədir. O, Yelisey sarayında Avropa İttifaqı, NATO və “istəklilər koalisiyası” ölkələrinin liderlərinin görüşündə iştirak edib və iyulun 14-də Fransanın Milli Bayramı münasibətilə keçiriləcək hərbi paradı izləyəcək.