BAKI, 14 iyul. TELEQRAF
"Avropa Məhkəməsinin qərarında bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan daşıyır. Qərar üzrə Ermənistanın daha bir öhdəliyi isə azərbaycanlı məcburi köçkünlərin birbaşa Ermənistan dövlətinə qarşı iddialarına baxılması üçün mexanizmin yaradılması ilə bağlı oldu".
Teleqraf xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yazdığı məqalədə qeyd olunub.
Bundan başqa, Qərarda vurulmuş ziyanın müəyyən edilməsi üçün mütəxəssisin təyin edilməsi, bir ildən sonra hər bir şikayətçiyə 5000 avro məbləğində təzminatın ödənilməsi müəyyən edilsə də, bu günə qədər Ermənistan dövləti Qərarı icra etməyib.
"Qeyd edilməlidir ki, Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci il tarixli Qərarı hələki Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət və s. hüquqlarının pozulması faktlarını tanıyan və təsdiq edən ilk və yeganə beynəlxalq məhkəmə sənədidir.