BAKI, 14 iyul. TELEQRAF
"Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qurulan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ali konstitusiya ədalət məhkəməsi orqanı olaraq 14 iyul 1998-ci il tarixində fəaliyyətə başlamasından 28 il keçir. Fəaliyyət göstərdiyi bu dövr ərzində Məhkəmə qəbul etdiyi Qərarlarla milli dövlətçiliyimizin hüquqi dayaqlarının möhkəmləndirilməsinə, qanunun aliliyinin təmin edilməsinə və fundamental insan hüquqlarının ali səviyyədə qorunmasına əhəmiyyətli töhfələr verib.
Teleqraf xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yazdığı məqalədə qeyd olunub.
Konstitusiya Məhkəməsinin ildönümü yalnız bir dövlət təsisatının yaranma tarixinin qeyd olunması deyil, həm də hüquqi dövlət quruculuğu prosesində əldə olunmuş nailiyyətlərin bir daha xatırlanması, konstitusiya dəyərlərinə sədaqətin ifadə edilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bir gündür. Bu əlamətdar tarix ölkədə Konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, qanunun üstünlüyünün möhkəmləndirilməsinə xidmət edən mühüm bir institutun fəaliyyət yoluna nəzər salmaq imkanı yaradır.
Müasir demokratik dövlətlərdə Konstitusiya yalnız dövlətin əsas qanunu deyil, həm də cəmiyyətin hüquqi, siyasi və sosial həyatının təməlini təşkil edən fundamental sənəddir. Konstitusiyada təsbit olunan prinsip və dəyərlərin real həyatda tətbiqi isə onların həyata keçirilməsini və qorunmasını təmin edən təsisatların mövcudluğunu tələb edir. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi konstitusion nəzarəti həyata keçirən ali orqan kimi xüsusi əhəmiyyətə malikdir. Onun əsas missiyası Konstitusiyanın aliliyini təmin etmək, hüquq sistemində yaranan ziddiyyətləri aradan qaldırmaq və hüquqi münasibətlərin konstitusion prinsiplərə uyğun inkişafına dəstək verməkdir.
Qeyd edilməlidir ki, müstəqil Azərbaycanda konstitusionalizm ideyalarının formalaşması və müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindəndir.
Müstəqilliyin yeni qazanıldığı, ərazilərinin hərbi təcavüzə məruz qaldığı bir şəraitdə bu ali hüquqi sənədin qəbulu ölkə tarixi üçün çox mühüm ictimai-siyasi hadisə olmaqla Azərbaycanın dövlət quruculuğunda yeni bir səhifənin başlanğıcı oldu. Layihəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış, ümumbəşəri dəyərlərə, dünyanın demokratik dövlətlərinin konstitusion təcrübəsinə əsaslanan Konstitusiya müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaş cəmiyyətinin bərqərar olmasının və demokratik ənənələrin təşəkkülünün qarantı rolunu oynamışdır.
12 noyabr 1995-ci il tarixində gərgin ictimai-siyasi vəziyyəti geridə qoymuş Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdi və bu sənəd 27 noyabr 1995-ci ildə qüvvəyə mindi.
Bu hadisə ölkəmizin tarixində mühüm dönüş nöqtəsi olmuşdur, çünki həmin gün Azərbaycan xalqı öz müstəqil, suveren, demokratik dövlətinin əsasını hüquqi müstəvidə təsdiq etmişdir.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri ehtiva edir. Heydər Əliyev bu barədə fikrini belə ifadə etmişdir: “Azərbaycanda belə bir yüksək səviyyəli Konstitusiyanın qəbul olunması təsadüfi hal olmayıb, çoxəsrlik dövlətçilik ənənələrinin, xalqımızın keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsi idi. Konstitusiya xalqın iradəsini, müstəqillik və demokratiya prinsiplərini əks etdirən ali hüquqi sənəddir. Azərbaycan Konstitusiyası dövlətimizin demokratik, hüquqi və dünyəvi əsaslarını müəyyən edir və xalqımızın gələcək inkişaf yolunu istiqamətləndirir”.
Müstəqilliyimizin hüquqi təməli olan Konstitusiyanın müstəsna və tarixi əhəmiyyətini əbədiləşdirmək məqsədilə, xalqımızın Ümummilli Lideri, uzaqgörən dövlət xadimi Heydər Əliyev 1 noyabr 1996-cı il tarixində xüsusi Fərman imzalamışdır ki, nəticəsində hər il noyabr ayının 12-si Respublikamızda Konstitusiya Günü kimi qeyd olunmaqdadır.
Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün yol açaraq, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə şərait yaratmaqla, həyatımızın bütün sahələrinə təkan verməklə xalqımızın tarixi ənənələrinə, milli və mədəni dəyərlərinə uyğun olan və eyni zamanda müasir, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması, siyasi və hüquq sistemində sabit özülün yaradılması işində mühüm addım oldu.
Heydər Əliyev çıxışlarının birində demişdir ki: “Bu gün hamımız mənəvi rahatlıq hissi keçirə bilərik. Çünki tarixi bir iş görülmüşdür. Tarixi bir sənəd yaradılıbdır. Bu gün biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq. Bizim Konstitusiya layihəsinin ən mühüm əhəmiyyəti ondan ibarətdir ki, xalqımızın, respublikamızın tarixində bu, ilk, tamamilə sərbəst, müstəqil şəkildə yaranmış Konstitusiyadır”.
Konstitusiyanın Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilib.
Əsas Qanunda həmçinin Azərbaycan xalqı dövlət hakimiyyətinin yeganə mənbəyi olaraq tanınmış, hakimiyyətlərin bölgüsü prinsipinə uyğun qaydada qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında qarşılıqlı balans və səlahiyyət çərçivəsi müəyyən edilmiş, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini, siyasi plüralizmin dəstəklənməsi, yerli özünüidarəetmənin fundamental əsaslarının formalaşdırılması da Konstitusiyada yer tutan əsas məsələlərdəndir.
Azərbaycan Respublikasının Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. Təsadüfi deyildir ki, Konstitusiyanın ən böyük fəsli insan hüquq və azadlıqlarının qorunmasına və onların hüquqi təminatına həsr edilmişdir. Bu fəsil beynəlxalq hüquqi aktlara uyğun olan geniş hüquqlar siyahısını özündə birləşdirməklə, vətəndaşların hüquqlarını qorumağı dövlətin ən ali vəzifəsi və əsas məqsədi kimi müəyyən edir.
Konstitusiyanın “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlı bölməsində insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olması insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsipləri kimi müəyyən edilmişdir. Əsas Qanunun 25-ci maddəsi hər bir şəxsin bərabərliyini təmin etməklə, insanların irqi, dini, cinsi, milli mənsubiyyəti, dili, mənşəyi və siyasi əqidəsi və sair meyarlara görə fərqli rəftara məruz qalmasının yolverilməzliyini ifadə edir.
Konstitusiyada hüququn aliliyi əsas prinsip kimi qəbul edilmişdir. Belə ki, Konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Hüquqi dövlət prinsipi isə o deməkdir ki, qanun qarşısında hamı bərabərdir, heç bir şəxs və ya orqan qanundan üstün deyil. Dövlətin fəaliyyəti qanunlara əsaslanır, vətəndaşların hüquqları isə dövlətin və cəmiyyətin ali dəyəri kimi qorunur.
Hüququn fundamental kateqoriyalarından olan ədalət anlayışı yalnız hüquq tətbiqetmədə deyil, bütövlükdə bəşəriyyətin həyatında ən vacib dəyərlərdən biri olduğundandır ki, Əsas Qanunumuzda ədalət prinsipi dövlətin bütün fəaliyyətinin əsası kimi müəyyən edilir.
Qeyd edilməlidir ki, ədalət anlayışı yalnız məhkəmələrin işi ilə məhdudlaşmır, o həm də sosial və iqtisadi münasibətlərdə, siyasi qərarlarda, qanunvericilikdə və idarəçilikdə öz əksini tapmalıdır.
Azərbaycan Konstitusiyası həm də sosial ədalət prinsiplərinə xüsusi diqqət yetirir. Dövlət sosial yönümlü siyasət aparmalı, əhalinin rifahını yaxşılaşdırmaq, təhsil və səhiyyə sahələrində bərabər imkanlar yaratmaq, əmək hüquqlarını qorumaq və vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək öhdəliyi daşıyır. Bu prinsip sosial ədalətin, humanizm və bərabərliyin təməlidir.
Eləcə də Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı isə hüququn əsas prinsiplərindən biri hesab olunur. Bu təminat, ilk növbədə, vətəndaşların hüquq və azadlıqlarının pozulması halında, bu hüquqların müstəqil məhkəmə orqanları vasitəsilə bərpa olunmasını nəzərdə tutur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də qeyd olunur ki, hər bir insan, Konstitusiya və ya qanunla ona verilən əsas hüquqların pozulması hallarında səlahiyyətli məhkəmələr tərəfindən bu hüquqların səmərəli şəkildə bərpa edilməsi hüququna malikdir. Vətəndaşların hüquq və azadlıqlarının icra hakimiyyəti orqanları kimi inzibati orqanlar tərəfindən təmin edilməsi və qorunması isə hüquq və azadlıqların inzibati təminatını ifadə edir.
Konstitusiyanın fundamental xüsusiyyətlərindən biri də onun sabitliyidir. Əsas Qanunun sabit olması ölkədə hüquq qaydasının davamlılığını təmin edir. O, dövlət mexanizminin nizamlı və ardıcıl fəaliyyətini inkişaf etdirir, həmçinin fərd, cəmiyyət və dövlət arasındakı qarşılıqlı münasibətləri möhkəm təməllər üzərində qurur.
Lakin ölkənin sosial-iqtisadi inkişafı, cəmiyyətdə baş verən ictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi və ona proqressiv düzəlişlərin edilməsi zərurətini yaradır.
Dəyişən sosial-iqtisadi, siyasi reallıqlar, hüquqi sistemin dinamik inkişafı ilə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsvermələri (referendumlar) vasitəsilə qüvvədə olan Konstitusiyaya mühüm əlavə və dəyişikliklər edilib.
Həyata keçirilən bu hüquqi islahatlar hüquqi dövlət strukturunun daha da möhkəmləndirilməsi, dövlət idarəçilik sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi və vətəndaşların hüquqi təminatlarının ən yüksək səviyyəyə çatdırılması kimi mühüm hədəflərə xidmət edib.
Hələ 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk milli Konstitusiyası konstitusiya nəzarətini həyata keçirən orqanın yaradılmasını nəzərdə tuturdu. Bu siyasətin məntiqi davamı olaraq, 21 oktyabr 1997-ci il tarixində Prezident Heydər Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzaladı. 24 noyabr 1997-ci ildə isə bu Qanunun tətbiqi barədə Fərman qəbul edilərək məhkəmənin fəaliyyətə başlaması üçün lazımi hüquqi baza formalaşdırıldı. Beləliklə, yeni məhkəmə orqanının qurulması üçün tam hüquqi əsas yaradıldı və 14 iyul 1998-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başladı.
Sonradan referendumla Konstitusiyanın mətninə, xüsusən də Konstitusiya Məhkəməsinin səlahiyyətlərini müəyyən edən 130-cu maddəyə əhəmiyyətli əlavə və dəyişikliklər edildi ki, bu da 2003-cü ildə həmin məsələləri ətraflı tənzimləyən “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qəbul edilməsini zəruri etdi. Yeni Qanunun qəbul edilməsi Məhkəmənin fəaliyyətinin daha müasir və sistemli şəkildə tənzimləmək məqsədi daşıyırdı. Həmçinin yeni Qanunda konstitusiya ədalət mühakiməsinin prinsipləri, icraat qaydaları və insan hüquqlarının müdafiəsi mexanizmləri qabaqcıl ölkələrin təcrübəsinə daha uyğun şəkildə tənzimləndi.
Konstitusiya Məhkəməsinin təsis edilməsi ölkədə qanunun aliliyinin, insan hüquq və azadlıqların təmin olunmasında dönüş nöqtəsi oldu. Məhkəmə dövlət orqanlarının qəbul etdiyi normativ hüquqi aktların ölkənin Əsas Qanununa, habelə qanunvericilik iyerarxiyasında daha üst normativ hüquqi akta uyğunluğunu yoxlamaq, hüquq normalarını şərh etmək və digər səlahiyyətləri həyata keçirir ki, nəticədə insan hüquq və azadlıqlarının dövlət səviyyəsində qorunmasının ən yüksək təminatçısı kimi çıxış edir.
Əsas Qanunun Konstitusiya Məhkəməsinin səlahiyyətlərini müəyyən edən 130-cu maddəsinin məzmunu ilə tanış olduqda görünür ki, məhkəmə öz fəaliyyətini qanunla müəyyən edilmiş ayrı-ayrı subyektlər tərəfindən ünvanlanan sorğu, müraciət və şikayət əsasında həyata keçirir. Konstitusiyanın 130-cu maddəsinin III hissəsində konkret subyektlərin sorğusu əsasında normativ aktların özündən yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akta uyğunluğunu yoxlamaq, həmçinin Ali Məhkəmənin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunu yoxlamaq səlahiyyəti nəzərdə tutulub.
Belə hüquqa malik subyektlərə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi aid edilib.
Qeyd etmək lazımdır ki, konstitusiya nəzarətinin predmetinə daxil edilmiş aktların dairəsi ölkəmizdə yalnız MDB ölkələri ilə deyil, eləcə də Avropanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə daha geniş (qanunlar, Prezidentin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, məhkəmə və bələdiyyə aktları) təsbit edilib.
Konstitusiya Məhkəməsi göstərilən aktlar üzərində konstitusiya nəzarətini həyata keçirərkən Konstitusiyaya uyğun olmayan aktları qüvvədən düşmüş hesab etməklə, milli qanunvericiliyin Konstitusiya prinsiplərinə uyğunlaşdırılması funksiyasını yerinə yetirir.
Konstitusiya Məhkəməsi tərəfindən normanın Konstitusiyaya uyğunluğu yoxlanılarkən hüquq normasının Konstitusiyaya uyğun olmadığı nəticəsinə gəlindiyi hallarda hüquq tətbiqetmədə boşluq yaranmasının qarşısının alınması üçün müvəqqəti qaydalar da müəyyən edilir. Həmin müvəqqəti qaydalar müvafiq məsələ ilə bağlı konkret tənzimetmə müəyyən edilənədək tətbiq edilməklə vətəndaşların əsas hüquqlarının qorunmasına xidmət edir.
O da göstərilməlidir ki, Konstitusiya Məhkəməsi tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi üçün qanunvericiliyin təkmilləşdirilməsinə zərurət müəyyən edildikdə, yəni hüquq norması Konstitusiyaya zidd olmasa da, müvafiq məsələnin daha dəqiq və effektiv tənzimlənməsinin zəruri olduğu aşkar edildikdə Qərarlarda qanunvericiyə ünvanlanmış tövsiyələr də verilir. Bu tövsiyələr yalnız konkret hüquqi mübahisənin həllinə deyil, həm də qanunvericiliyin inkişafına, hüquqi tənzimləmənin təkmilləşdirilməsinə xidmət edir.
Bununla yanaşı ümumi yurisdiksiyalı məhkəmələrin fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması məqsədilə məhkəmələrə və ayrı-ayrı subyektlərə qanunvericilik aktlarının rəsmi təfsiri və normanın konstitusiya hüquqi mənasının açıqlanması üçün Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ tanınıb.
Konstitusiya Məhkəməsinin normativ hüquqi aktın müvafiq normasının şərhi ilə bağlı müəyyən etdiyi hüquqi mövqelər insan hüquq və azadlıqlarının daha effektiv müdafiəsinə, normanın mahiyyəti ilə bağlı müxtəlif təfsirlərin qarşısının alınmasına, bununla da hüquqi müəyyənliyin təmin edilməsinə xidmət etmiş olur.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən normativ hüquqi aktın müddəalarının konstitusiya hüquqi mənası və mahiyyəti ilə bağlı formalaşdırılan hüquqi mövqelər onların hüquq tətbiqedənlər tərəfindən fərqli şəkildə tətbiq edilməsini istisna edir. Normanın konstitusiya-hüquqi mənasını aydınlaşdıran qərarın hüquqi qüvvəsi bu normanın artıq həmin mənadan kənara çıxmaqla tətbiqinin mümkünsüzlüyünü, başqa cür şərh və ya fərqli məzmunda tətbiq edilməməli olmasını özündə ehtiva edir.
Məhkəmələrin müraciətləri əsasında son dövrlərdə qəbul edilmiş qərarlardan biri xüsusilə diqqətəlayiqdir. Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin I və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 iyun 2026-cı il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu predmetinin məbləği üç min manatdan çox olan borc müqaviləsinin yazılı formada bağlanılmalı olması tələbinə riayət edilməsinin müqavilənin etibarlılıq şərti yaxud sübutetmə şərti olaraq çıxış etməsi məsələsinə mülki qanunvericiliyin norma və prinsiplərini ətraflı təhlil edərək aydınlıq gətiribr.
Qərarda fiziki şəxslər arasında borc münasibətlərində sənədləşmənin olmaması səbəbindən tərəflər arasında əqdin etibarsız hesab edilməsinin borc müqaviləsinin forma şərtinin müəyyən edilməsində qanunvericinin güddüyü məqsədlə uzlaşmaması, bu tənzimetmə ilə əsas məqsədin məhz kreditorun mənafeyinin qorunması olduğu, əks halın isə borclular tərəfindən hüquqdan sui-istifadə hallarına imkan yaradacağı əsası ilə yazılı forma tələbinin borc müqaviləsinin etibarlılıq şərti deyil, sübutetmə standartı olduğu nəticəsinə gəlinib.
Bununla bağlı qeyd olunmuşdur ki, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
Hesab edirik ki, Konstitusiya Məhkəməsinin 16 iyun 2026-cı il tarixli Qərarı mülki dövriyyədə öhdəliklərin icrasından yayınma, hüquqlardan sui-istifadə kimi halların qarşısının alınması, tələb hüquqlarının məhkəmə müdafiəsi baxımından vacib əhəmiyyət kəsb edir.
Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən qeyd edilməlidir ki, Məhkəmənin digər səlahiyyəti fərdi şikayətlərə baxılmasıdır. Əsas Qanunun 130-cu maddəsinin V hissəsində müəyyən edilmişdir ki, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
Vətəndaşların şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilməsi əsas hüquq və azadlıqların qorunması, pozulmuş hüquqların bərpası, konstitusion prinsip və dəyərlərin realizəsi baxımından ən yüksək hüquqi təminatdır.
Bununla yanaşı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) də insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada uyğunluq məsələlərinin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
Təcrübə göstərir ki, Ombudsman tərəfindən məhkəməyə ünvanlanmış sorğularda qaldırılmış məsələlər bir çox hallarda vətəndaşların konkret müraciətləri əsasında aşkarlanaraq, əsasən qanunvericilikdə mövcud olan boşluqlar və ya ziddiyyətlərlə bağlı olur.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin sorğusu əsasında bu ilin 18 fevral tarixində qəbul edilmiş “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərar xüsusilə diqqətə layiqdir. Belə ki, bu Qərar insanların əmək və istirahət hüquqlarının təmin olunması və onların işəgötürənlər tərəfindən pozulmasının qarşısının alınması baxımından çox əhəmiyyətli olmuşdur.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, ödənişli məzuniyyət işçinin orta əmək haqqı saxlanılmaq şərtilə müəyyən müddət ərzində əmək funksiyalarının icrasından azad edilərək istirahət etməsinə şəraitin yaradılmasında ifadə olunan sosial hüquqdur. Bu hüquq işçinin fiziki və psixoloji sağlamlığının qorunmasına, əmək qabiliyyətinin bərpasına və insan ləyaqətinə uyğun həyat şəraitinin təmininə xidmət edir.
Əlavə məzuniyyət hüququnun verilməsi isə Konstitusiyadan irəli gələn sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Belə ki, əlavə məzuniyyət institutunun tətbiqi işçilər arasında bərabərliyin formal xarakter daşımamasına, ağır və ya riskli şəraitdə çalışan şəxslərin faktiki vəziyyətindəki fərqlər nəzərə alınmaqla onların mənafelərinin ədalətli və balanslı şəkildə qorunmasına yönəlib.
Həmçinin təhsil, yaradıcılıq, sosial məzuniyyət kimi məzuniyyətin digər növlərindən fərqli olaraq, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində göstərilən əlavə məzuniyyətlər işçilərə əməklə əlaqəsi olmayan əsaslara görə deyil, birbaşa onun əmək fəaliyyətinin müddəti və xarakteri ilə bağlı verilir və bu hüquq işçi tərəfindən əmək funksiyalarının icra edilməsi nəticəsində qazanılır. Bu baxımdan, həmin hüquqlar qanunverici tərəfindən onlara tanınan xüsusi üstünlük kimi deyil, əməyin xüsusiyyətindən irəli gələrək verilən haqq kimi qiymətləndirilməlidir.
Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab etmişdir ki, hər kəsin Əsas Qanunla bəyan olunan istirahət, o cümlədən əmək məzuniyyəti hüququndan istifadənin qayda və şərtləri ilə bağlı tənzimetməyə dair qanunvericinin müəyyən etdiyi məhdudiyyət yalnız o halda əsaslandırılmış və yolverilən hesab edilə bilər ki, bu məhdudiyyət legitim məqsədlərə nail olmaq üçün tətbiq edilsin, onun əsas mahiyyətinə toxunmayaraq məzmununun itirilməsinə gətirib çıxarmasın və mütənasiblik prinsipinin tələblərinə cavab vermiş olsun.
Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan “əmək münasibətlərinə xitam verilərkən həmin Məcəllənin 115–117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” ilə bağlı müddəanın Konstitusiyanın mütənasiblik, bərabərlik və normativ hüquqi aktların haqq-ədalətə əsaslanmasına dair prinsipləri ilə uyğunsuzluq təşkil etməsi və bu səbəbdən tətbiqinin dayandırılması nəticəsinə gəlmişdir. Eyni zamanda hesab edilmişdir ki, normanın 2-ci hissəsinin də qüvvədən salınması işçiləri, əsas məzuniyyətə görə kompensasiya almaq hüququndan da məhrum edəcəyindən, həmin hissələrin konstitusion tələblərə uyğunlaşdırılması təmin edilməlidir. Məsələ qanunvericilik qaydasında həll edilənədək mövcud qeyri-bərabərliyin qarşısının alınması məqsədilə əmək müqaviləsinə xitam verilərkən işçiyə bütün iş illərinin istifadə etmədiyi Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində göstərilən əlavə məzuniyyətlərinə görə, istifadə olunmamış əsas əmək məzuniyyəti üçün müəyyən edilmiş qaydada və məbləğdə hesablanan kompensasiyanın verilməsinin təmin edilməsi qərara alınıb.
Konstitusiya Məhkəməsi Plenumunun digər bir əhəmiyyətli qərar olan Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilmiş “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VI və X hissələrinə, 127-ci maddəsinin IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2026-cı il 10 mart Qərarında isə qeyd edilmişdir ki, Konstitusiya aliliyinin təminatçısı kimi Konstitusiya Məhkəməsinin mövcud normanın Konstitusiyaya zidd olduğunun müəyyən edildiyi qərarı üzrə məhkəmə qərarlarına yenidən baxılması şəxslərin Əsas Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının, o cümlədən Əsas Qanunun yüksək hüquqi qüvvəsinin təmini baxımından mütləqdir.
Qərarda Plenum belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin tələbləri baxımından, habelə 28 və 60-cı maddələri ilə nəzərdə tutulan azadlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının təmin olunması məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cinayət qanununun məhkum olunmuş şəxsin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olan şərhi ilə bağlı Qərarının məhkəmə aktlarına yenidən baxılması üçün xüsusi əsas kimi müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı normanın şərhi nəticəsində həmin normanın konstitusiya hüquqi mahiyyəti və təyinatına dair formalaşdırdığı hüquqi mövqe məhkumun hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olacağı hallarda, işə yenidən baxılmasının hüquqi əsasının və prosessual qaydasının müəyyənləşdirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edəcəkdir..
Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Əsas Qanunla digər səlahiyyətləri də nəzərdə tutulmuşdur. Dövlət hakimiyyətinin ayrı-ayrı qollarının formalaşdırılması prosesində, o cümlədən icra hakimiyyətinin formalaşmasına münasibətdə Konstitusiya Məhkəməsi tərəfindən Prezident seçkilərinin nəticələrinin rəsmi elan edilməsi, qanunverici hakimiyyətin formalaşmasına münasibətdə isə Milli Məclisə seçkilərin nəticələrinin təsdiq edilməsi və s. səlahiyyətlərin həyata keçirilməsi nəticə etibarilə hüquqi dövlətin əsaslarının güclənməsinə xidmət edir.
Konstitusiya Məhkəməsinin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti də xüsusi diqqətə layiqdir. Müxtəlif ölkələrin konstitusiya məhkəmələri, beynəlxalq təşkilatlar və hüquq institutları ilə əməkdaşlıq xarici hüquqi təcrübənin öyrənilməsinə, Azərbaycanın hüquq sisteminin beynəlxalq hüquqi məkana inteqrasiyasına, öyrənilmiş müasir yanaşmalar, hüquqi mövqelər əsasında konstitusiya nəzarətinin daha da səmərəli həyata keçirilməsinə şərait yaradır.
Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi TÜRK-AY-ın (Türk Dünyası Konstitusiya Yurisdiksiyalı Konfransı) təsisçi üzvlərindən biridir. Bu təşkilatın fəaliyyəti türk dövlətlərinin konstitusiya məhkəmələri arasında əməkdaşlığının dərinləşməsinə, konstitusionalizm, hüququn aliliyi və insan hüquqlarının müdafiəsi sahəsində qabaqcıl təcrübələrin mübadiləsinin genişlənməsinə istiqmaətlənmişdir.
Qeyd edilməlidir ki, Konstitisiya Məhkəməsi digər xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini qarşılıqlı əməkdaşlıq, etimad prinsipləri və təcrübə mübadiləsi çərçivəsində həyata keçirir.
2026-cı ilin I yarımilliyində Konstitusiya Məhkəməsində müxtəlif ölkələrin, o cümlədən Türkiyə, Qırğızıstan, Qazaxıstan, Keniya, Vyetnam, Monqolustan, Slovakiya, Latviya kimi ölkələrin məhkəmə-hüquq sisteminin nümayəndələri ilə bir sıra tədbirlər keçirilmişdir. Keçirilən görüşlərin ümumi nəticəsi olaraq tərəflər arasında tarixi və dostluq bağlarına əsaslanaraq hüququn aliliyinin, insan haqlarının qorunması və konstitusiya ədalət mühakiməsinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsini və ikitərəfli əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəlinmişdir.
Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti ilə keçirilən görüş çərçivəsində də ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verilmişdir.
Həmçinin qeyd etmək istərdim ki, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Könüllü Proqramı həyata keçirilir. Proqram çərçivəsində fəaliyyət göstərən könüllülər Konstitusiya Məhkəməsinin iş prinsipləri və fəaliyyəti ilə yaxından tanış olmaqla gələcək peşə fəaliyyətlərində faydalı olacaq nəzəri və praktiki biliklər qazanırlar. Proqramı 2 ay müddətində uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunur.
Hesab edirik ki, hazırkı dövrdə ölkənin ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq hüquqi sabitliyin qorunması, Konstitusiyanın aliliyinin, Əsas Qanunla bəyan edilmiş prinsip və dəyərlərin təmin edilməsi, hüquq sisteminin inkişafı istiqamətində Konstitusiya Məhkəməsinin üzərinə düşən vəzifələr daha böyük və məsuliyyətlidir.
Belə ki, bu gün Azərbaycan regional və qlobal səviyyədə söz sahibi olan bir dövlətdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini sübut etdi. Prezident İlham Əliyev bununla bağlı qeyd etmişdir: “Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Azərbaycanın müstəqilliyi əbədidir, çünki onun arxasında xalqın iradəsi, qanı, canı bahasına qorunan torpaqlar və güclü dövlətçilik ənənəsi dayanır”.
2020-ci ilin sentyabrında başlayıb noyabr ayında Zəfərimizlə başa çatmış Vətən müharibəsi, 19 sentyabr 2023-cü ildə Qarabağda qanunsuz silahlı qrupları tərksilah etmək və konstitusiya qaydasını bərpa etmək üçün 24 saatdan az bir vaxtda uğurla tamamlanmış lokal antiterror əməliyyatı torpaqlarımızın işğaldan azad edilməsi, 30 illik təcavüzə son qoyulması ilə yanaşı, həm də ölkədə Əsas Qanunla, tərəfdarı olduğumuz beynəlxalq sənədlərlə bəyan edilmiş insan hüquq və azadlıqlarının təmin edilməsinə imkan yaratdı.
Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyəti, Şanlı Ordumuzun şücaəti və qəhrəmanlığı ilə əldə olunan Qələbə sayəsində xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququ bərpa edildi, uzun illər doğma yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın pozulmuş mülkiyyət hüquqlarının bərpasına şərait yaradıldı. Bu baxımdan hazırda işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və məskunlaşma prosesində vətəndaşların mülkiyyət hüquqlarının tanınması, qorunması və bərpası hüquqi dövlət olaraq Azərbaycan Respublikasının əsas vəzifələrindən biridir.
Xatırlatmaq istərdim ki, Vətən müharibəsindən əvvəl, torpaqlarımızın işğalının hələ davam etdiyi dövrdə vətəndaşlar tərəfindən mülkiyyət, yaşayış, sağlamlıq və s. konstitusion və beynəlxalq hüququn hamılıqla tanınan normalarında təsbit edilən hüquqlarının bərpası, müdafiəsi ilə bağlı Avropa Məhkəməsinə müraciətlər edilmişdi. Belə ki, 2005-ci ilin aprel ayında məcburi köçkünlər E.Çıraqov və digərləri Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək Ermənistan Respublikası tərəfindən işğal edilmiş Laçın rayonuna qayıtmaq və öz mülkiyyətindən istifadə etmək, öz evlərində yaşamaq imkanından məhrum olunmaları barədə şikayət etmişlər.
16 iyun 2015 ci il tarixli Qərarında Məhkəmə “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasının davam etdiyini, həmin Konvensiyanın 41-ci maddəsinin tətbiqi məsələsinin həll edilməsi üçün hazır olmadıqlarını qeyd edərək işə baxılmasının təxirə salınması nəticəsinə gəlib.
Avropa Məhkəməsinin Qərarında o da bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində insan hüquqlarının pozuntusu ilə bağlı bütün hallara görə məsuliyyəti məhz Ermənistan daşıyır. Qərar üzrə Ermənistanın daha bir öhdəliyi isə azərbaycanlı məcburi köçkünlərin birbaşa Ermənistan dövlətinə qarşı iddialarına baxılması üçün mexanizmin yaradılması ilə bağlı oldu.
Bundan başqa, Qərarda vurulmuş ziyanın müəyyən edilməsi üçün mütəxəssisin təyin edilməsi, bir ildən sonra hər bir şikayətçiyə 5000 avro məbləğində təzminatın ödənilməsi müəyyən edilsə də, bu günə qədər Ermənistan dövləti Qərarı icra etməyib.
Qeyd edilməlidir ki, Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci il tarixli Qərarı hələki Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlı məcburi köçkünlərin işğal olunmuş ərazilərdəki mülkiyyət və s. hüquqlarının pozulması faktlarını tanıyan və təsdiq edən ilk və yeganə beynəlxalq məhkəmə sənədidir.
Azərbaycan Respublikası tərəfindən isə Avropa Məhkəməsinə Ermənistana qarşı birinci dövlətlərarası şikayət 2021-ci ilin yanvar ayında göndərilib. Ərizə 2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə və sonrasında Ermənistanın törətdiyi insan hüquqları və beynəlxalq humanitar hüquq pozuntularına əsaslanır. Şikayətdə iddia olunan pozuntular olaraq Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan (kassetli sursatlar, ballistik raketlər) istifadə edilməsi, mülki şəxslərin qətlə yetirilməsi, şəhər və kəndlərin dağıdılması, işğal dövründə evlərin və əmlakların kütləvi şəkildə məhv edilməsi, ərazilərin minalanması və 10 noyabr 2020-ci il bəyanatından sonra belə qanunsuz silahlı dəstələrin göndərilməsi nəticəsində azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnun pozulması kimi hallar göstərilmişdir. Bundan başqa, Azərbaycan hökuməti minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi tələbi ilə Ermənistana qarşı ikinci dövlətlərarası şikayət də göndərib.
2021-ci ilin iyun ayında göndərilmiş ikinci şikayətdə isə göstərilir ki, Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki minaların xəritələrini təqdim etməkdən imtinası Azərbaycan vətəndaşlarının “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarında nəzərdə tutulmuş hüquqlarının pozulmasına gətirib çıxarır. Qeyd olunmalıdır ki, Azərbaycan hazırkı dövlətlərarası şikayəti Avropa Məhkəməsinə təqdim edərək, onun Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli birinci dövlətlərarası şikayəti ilə bir icraat çərçivəsində baxılması barədə vəsatət verib.
Eyni zamanda, bu şikayətlə bərabər, Avropa Məhkəməsinə Ermənistanın üzərinə minaların xəritələrinin təqdim etməsinə dair öhdəlik qoyulmaqla barəsində müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında müraciət də ünvanlanıb.
Avropa Məhkəməsindən daxil olmuş cavab məktubunda işə baxan Böyük Palatanın sədri şikayəti öyrənərək ona Azərbaycanın Ermənistana qarşı 2021-ci il 15 yanvar tarixli dövlətlərarası şikayətinin ayrılmaz tərkib hissəsi kimi baxılması qərarına gəlmişdir. Bununla da Azərbaycanın Avropa Məhkəməsinə verdiyi vəsatət təmin edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi Zəfərimizdən sonra ölkəmiz yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Suverenliyi Günü”nün təsis edilməsi haqqında 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə hər il sentyabr ayının 20-sinin ölkəmizdə Dövlət Suverenliyi Günü kimi keçirilməsi dövlət və xalqın birliyinin, ölkəmizin azadlığının və gücünün təcəssümü baxımından olduqca əhəmiyyətlidir.
Məlumdur ki, 2025-ci ildə Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisənin – İkinci Qarabağ müharibəsində tarixi zəfərin beşinci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olub. Xalqımızin tarixinin ən əlamətdar və qürurverici bu hadisələri ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmiş, habelə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci il 10 oktyabr tarixli Qanunu ilə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis edilib.
“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında 2025-ci il 22 oktyabr tarixli Əsasnamənin 2-ci maddəsində “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə verilib.
Əsasnamənin 1-ci maddəsində Yubiley medalı ilə Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, onun aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslərin təltif edilməsi nəzərdə tutulub.
Bu medal dövlətimizin konstitusiya dəyərlərinə sadiqliyinin və müstəqil Azərbaycanın inkişaf yolunda qazandığı nailiyyətlərin rəmzi ifadəsidir.
Vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan ötən tarixi mərhələnin dərindən təhlili mühüm bir reallığı ortaya qoyur. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq qətiyyətlə davam etdirilən strateji siyasi kurs dövlətimizin ali qanununda təsbit olunmuş fundamental prinsiplərin və demokratik dəyərlərin ən etibarlı təminatçısı qismində çıxış edir. Bu mütərəqqi idarəçilik xətti milli dövlətçilik maraqları ilə bəşəri dəyərlərin harmoniyasını özündə ehtiva edərək, ölkəmizin hərtərəfli tərəqqisinə yol açır.
Bir daha qeyd etmək istərdim ki, Dövlət başçısının nümayiş etdirdiyi qəti siyasi iradəyə müvafiq olaraq, hazırda ölkəmizdə ədalət mühakiməsinin effektivliyinin artırılması və məhkəmə-hüquq sisteminin mütərəqqi əsaslarla modernləşdirilməsi strategiyası ardıcıl fəaliyyət planı çərçivəsində uğurla icra edilməkdədir. Sözügedən strateji kursun prioritet hədəfi isə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, ictimai təhlükəsizliyin, tərəqqinin və fundamental insan hüquqlarının effektiv müdafiəsinin mühüm institusional zəmanəti qismində ədalət mühakiməsinin demokratik hüquqi dövlətdəki ali statusunu möhkəmləndirməkdir.
Konstitusiya Məhkəməsi Əsas Qanunumuzun aliliyini təmin edən, onun hər bir müddəasının dürüst tətbiqinə nəzarət edən, ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı balansını qoruyan ali konstitusiya ədalət mühakiməsi orqanı olmaqla, eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin təminatçısı rolunu uğurla yerinə yetirərək, qəbul edilən hər bir qərarla ölkəmizdə hüquqi savadlılığın, hüquq mədəniyyətinin yüksəlməsinə və ədalət prinsipinin möhkəmlənməsinə xidmət edir.