BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə bəzi məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, ona dəstəyini dayandırmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində danışıb.

ABŞ lideri media orqanlarında onun Netanyahuya dəstəyi dayandırdığına dair yayılan məlumatları təkzib edib.

“Xeyr, qətiyyən. Biz onunla çox yaxşı yola gedirik”, - deyə Tramp vurğulayıb.

O bildirib ki, bəzi məsələlərdə İsrailin baş naziri ilə razılaşmasa da, bunu açıq şəkildə ifadə edir:

“Bəzən onunla razılaşmıram və bunu açıq deyirəm. Sonradan da haqlı çıxdığım olur”.

Tramp Netanyahu haqqında danışarkən onu “müharibə dövrünün baş naziri” adlandırıb və vəzifəsinin öhdəsindən yaxşı gəldiyini qeyd edib.

ABŞ Prezidenti həmçinin iddia edib ki, əgər o və Netanyahu hakimiyyətdə olmasaydılar, İranın fəaliyyəti səbəbindən İsrail bu gün mövcud olmaya bilərdi.

Qeyd edək ki, son aylarda ABŞ və İsrail rəhbərləri arasında münasibətlərdə müəyyən gərginlik yarandığı barədə məlumatlar yayılıb. ABŞ mediası Trampın bəzi müşavirlərinin Netanyahunun addımlarından narazı olduğunu iddia etsə də, hər iki tərəf siyasi məsələlər üzrə ciddi fikir ayrılıqlarının olmadığını bəyan edir.