BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsinə görə müttəfiqlərindən kompensasiya gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, ABŞ Fars körfəzi regionundakı ərəb ölkələrinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu fəaliyyət müəyyən maliyyə qarşılığı tələb edir.

“Mən kompensasiya almaq istəyirəm, çünki biz dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Bunun üçün vəsait xərcləyirik”, - deyə ABŞ lideri bildirib.

Tramp qeyd edib ki, Vaşinqtonun dəstək göstərdiyi ölkələr sırasında Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı yer alır.

“Biz yardım etdiyimiz ölkələrdən müdafiə xidmətinə görə kompensasiya alacağıq”, - deyə o vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, Vaşinqtonun əsas məqsədi Hörmüz boğazında normal gəmiçiliyin və müttəfiqlərinin təhlükəsizliyinin təmin olunmasıdır.

Tramp bundan əvvəl ABŞ-nin Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsinə görə daşınan yüklərin dəyərinin 20 faizi həcmində ödəniş almaq istədiyini bildirmişdi. Məlumata görə, dünya üzrə neft ticarətinin təxminən 25 faizi, mayeləşdirilmiş təbii qaz ticarətinin isə 20 faizi bu boğazdan həyata keçirilir.