BAKI, 14 iyul. TELEQRAF

“Sabah” çox yaxşı təsir bağışladı. İlk oyunda komanda istəkli və əzmkar görünürdü”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev deyib.

O, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS-lə keçirilən ilk oyunu (2:0) dəyərləndirib:

“Sabah” çox yaxşı təsir bağışladı. Komanda istəkli və əzmkar görünürdü. İlk dəqiqələrdən rəqibin qapanması müəyyən çətinlik yaradırdı. Buna baxmayaraq, komandamız təzyiqi daha da artırdı və layiqli qələbə qazandı. Hesab daha böyük də ola bilərdi.

İkinci tur üçün yaxşı nəticədir. İnanıram ki, “Sabah” səfərdən qələbə ilə dönəcək. Komandamızda arxayınlıq yaranacağına inanmıram. Bu turnirin adı kifayətdir ki, futbolçular ciddi olsunlar.

Rəqib ilk oyunda futbol adına heç nə ilə yadda qalmadı. Nə müdafiədə, nə də hücumların qurulmasında ciddi təsir bağışladılar. İlk oyunu nəzərə alaraq deyə bilərəm ki, səfərdə də qalib gələcəyik.

“Sabah”ın baş məşqçisi çox savadlı, istəkli mütəxəssisdir. İnanıram ki, komandanın uğurları hələ qarşıdadır”.

Qeyd edək ki, “Sabah” TNS-lə cavab oyununu səfərdə keçirəcək. Qarşılaşma Bakı vaxtilə 21:30-da start götürəcək.