BAKI, 14 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun yaxın günlərdə İrana qarşı hərbi zərbələri davam etdirməyi planlaşdırdığını bəyan edib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə amerikalı radio aparıcısı Hyu Hyuitə müsahibəsində danışıb.

İran ətrafındakı vəziyyəti şərh edən ABŞ lideri Tehrana qarşı yeni və güclü hücumların həyata keçiriləcəyini bildirib.

“Bu axşam onlara çox ciddi zərbə endirəcəyik. Sabah da onlara ciddi zərbə vuracağıq. Onlar bunun qarşısını ala bilməyəcəklər”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti eyni zamanda İranın Natanz şəhərində yerləşən nüvə obyektinin də yenidən hədəfə çevrilə biləcəyini istisna etməyib.

Onun sözlərinə görə, ABŞ qüvvələri “çox yaxın vaxtlarda” Natanzdakı nüvə obyektinə hava zərbəsi endirə bilər.

Qeyd edək ki, Vaşinqton və Tehran arasında gərginlik son aylarda yenidən artıb. ABŞ daha əvvəl də İranın nüvə proqramı ilə əlaqəli obyektlərə qarşı hərbi əməliyyatlar həyata keçirmişdi.