BAKI, 13 may. TELEQRAF

ABŞ-də hazırlanması planlaşdırılan “Golden Dome” ("Qızıl günbəz") raketdən müdafiə sisteminin yaradılması, yerləşdirilməsi və istismarı üçün ümumilikdə 1,2 trilyon dollar xərclənə bilər.

Teleqraf xəbər verir ki, ABŞ Konqresinin Büdcə İdarəsinin hesabatına istinadən məlumat yayıb.

Hesabatda bildirilib ki, sistemin 20 il ərzində hazırlanması və fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulan əsas xərclər silah alışları ilə bağlı olacaq. Bu istiqamətdə təxminən 1,03 trilyon dollar vəsaitin sərf ediləcəyi qeyd olunub.

Sənədə əsasən, ən bahalı element kosmosda yerləşdiriləcək raketdən müdafiə sistemləri olacaq. Bu sistemlər ümumi silah alışlarının təxminən 70 faizini təşkil edəcək.

Məlumata görə, “Golden Dome” layihəsi çərçivəsində orbitdə 7,8 min peykin yerləşdirilməsi, Alyaskadakı Fort-Qrili bazasının saxlanılması, yeni radar obyektlərinin tikilməsi və əlavə raketdən müdafiə komplekslərinin qurulması nəzərdə tutulur.