BAKI, 14 iyul. TELEQRAF

İngiltərənin “Mançester Siti” klubu Fransanın “Lill” komandasının və Mərakeş millisinin üzvü Əyyub Buaddi ilə yaxından maraqlanır.

Teleqraf “The Athletic”ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 18 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif hazırlayır.

Buaddinin DÇ-2026-da Mərakeş millisinin heyətində göstərdiyi performans Avropanın aparıcı klublarının diqqətini cəlb edib. “Lill” futbolçunu satmağa qarşı deyil. Lakin Fransa klubu onun üçün 100 milyon avro tələb edir.

Rəhbərlik dünya çempionatından sonra istirahətdə olan Buaddinin geri qayıtmasını gözləyir və bundan sonra onun nümayəndələri ilə gələcəyi barədə danışıqlar aparacaq.

Qeyd edək ki, Mərakeş DÇ-2026-nın 1/4 final mərhələsində Fransaya uduzaraq mübarizəni dayandırıb.