BAKI, 14 iyul. TELEQRAF

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən maşınqayırma sahəsində 42 yeni dövlət standartı qəbul edilib.

Teleqraf xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.

Bildirilib ki, yeni dövlət standartları maşınların, texniki qurğuların və istehsalat avadanlıqlarının, o cümlədən onların elektrik, elektron və proqramlaşdırıla bilən elektron sistemlərinin təhlükəsiz layihələndirilməsi, istehsalı, sınağı və istismarı, təhlükəli istehsalat amillərinin qiymətləndirilməsi və nəzarətdə saxlanılması və digər zəruri tələbləri müəyyən edir.

Yeni dövlət standartlarının qəbul edilməsində məqsəd maşınların, texniki qurğuların və istehsalat avadanlıqlarının təhlükəsizliyinin təmin edilməsi, istehsalat risklərinin azaldılması, işçilərin sağlamlığının və əməyin mühafizəsinin gücləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizlik tələblərinə uyğunluğun təmin edilməsindən ibarətdir.

Standartlarının layihələri AZSTAND tərəfindən təsis edilən “Maşınqayırma, mexaniki və hidravlik sistemlər” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 56) təqdimatları əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.