BAKI, 14 iyul. TELEQRAF
İkinci Qarabağ Müharibəsindəki Zəfərdən sonra bir sıra qlobal platformaların ev sahibi olan Azərbaycan yeni bir unikal platformanı da - Şuşa Qlobal Media Forumunu təsis edib. “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövsuzunda keçirilən IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikrilər bu platformanın əhəmiyyətini bir daha sübut edir.
Cənab İlham Əliyev Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa və narahatlıq doğuran, qonşularımızda narahatlıq doğuran məsələlərin həllinə yönəldiyini, o cümlədən bizi narahat edən məsələlərin qaldırıldığını vurğulayıb.
Azərbaycan Prezidenti bu baxımdan, ölkəmizin Şuşada keçirilən tədbirdəki mühiti həmçinin bir çox beynəlxalq iştirakçılar arasında da yaratmağa çalışdığını, bizim dialoqumuzun davam etdiyini diqqətə çatdırıb.
İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər, əslində, beynəlxalq münasibətlər sistemində ikitərəfli və çoxtərəfli əlaqələrin necə tənzimlənməsi qaydalarını özündə ehtiva edir, qlobal təhdidlərin artdığı bir dövrdə dünyanın bütövlükdə xaosa yuvarlanmasının qarşısını almağın yollarını təklif edir.
Bu kontekstdə Azərbaycan Prezidenti bəzi dairələrin digərlərinin suverenliyini məhdudlaşdırmaq cəhdlərinin yolverilməz olduğunu, bütün ölkələrin müstəqil daxili və xarici siyasət yürütmək hüququna malik olduğunu xüsusi vurğulayır.
Bu baxımdan, Azərbaycan liderinin ABŞ-nin iki administrasiyasının fəaliyyəti arasındakı böyük fərqi tədbir iştirakçılarının diqqətinə çatdırması xüsusi maraq doğurub.
Belə ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden hələ senatorluğu dövründə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olub. Onun Cənubi Qafqazın inkişafı ilə bağlı baxışı parçalanma, münaqişə və qarşıdurma prinsiplərinə əsaslanıb.
Lakin sülhü bir fürsət kimi qiymətləndirən Donald Trampın xarakteri fərqli olduğundan bu gün artıq sülh bərqərar olub ki, bu da yeni imkanlara ciddi zəmin yaradıb. Donald Trampın Ağ Evə qayıdışı Cənubi Qafqaz da daxil olmaqla ABŞ-nin xarici siyasətində əhəmiyyətli dəyişiliyə səbəb olub.
Co Bayden administrasiyası “demokratiya” və “insan haqları” kimi spekulyativ institusional təzyiq alətindən istifadə etməyə çalışırdısa, Tramp administrasiyası geosiyasi rəqabətə, enerji təhlükəsizliyinə və ABŞ-nin iqtisadi maraqlarını ehtiva edən praqmatik yanaşma sərgiləyir.
Bu transformasiya Azərbaycanla ABŞ arasında əməkdaşlıq üçün yeni imkanlar açıb. Vaşinqton Azərbaycanı əsasən Avropanın enerji şaxələndirilməsinin təminatında, Orta Asiya ilə Avropa arasında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində mühüm tərəfdaş, həmçinin Rusiya, Çin və İranla artan rəqabət fonunda regional sabitləşdirici rol oynaya bilən bir aktor kimi qiymətləndirir.
Ən diqqətəlayiq dəyişikliklərdən biri Amerika siyasətində ideoloji komponentin rolunun azalmasıdır. ABŞ-nin rəsmi bəyanatları əvvəllər müntəzəm olaraq Azərbaycanın daxili siyasətinə müdaxilə cəhdini xatrılatsa da, yeni administrasiya təhlükəsizlik, enerji və ticarət sahələrində praktik əməkdaşlığa daha çox diqqət yetirir. Bu, Donald Trampın milli maraqları səbatsız liberal gündəmin təbliğindən üstün tutan “Amerika əfzəldir” prinsipinə əsaslanan ənənəvi xarici siyasət fəlsəfəsinin tərkib hissəsidir.
2023-cü ildə Azərbaycanın öz əraziləri üzərində tam nəzarəti bərpa etməsindən sonra regionun siyasi reallığı dəyişib. Tramp administrasiyası, münaqişənin nəticələrini yenidən nəzərdən keçirməyə yox, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülhün əldə olunmasını dəstəkləməyə yönəlmiş mövcud güc balansının nəzərə alınması prizmasından çıxış edir. Ağ Evin demokratik administrasiyasının bu və ya digər şəkildə Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlarından fərqli olaraq, Donald Trampın hazırkı kursu daha çox siyasi güzəşt yolu ilə sabitliyə nail olmağa yönəlib.
ABŞ-nin xarici siyasətində Cənubi Qafqazın daha geniş mənada Avrasiya strategiyasının bir hissəsi nəzərdə tutulması da diqqətəlayiqdir. Çini, Orta Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirən Orta Dəhliz dəyişən qlobal logistika fonunda getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan isə bu sistemdə əsas coğrafi mövqeyə malikdir ki, bu da Vaşinqton üçün onun strateji dəyərini obyektiv şəkildə artırır.
IV Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti selektiv siyaəst sərgiləyən Avropa Şurasının siyasi iradə nümayiş etdirməli olduğunu da bildirib.
İlham Əliyev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından sonra ölkəmizin nümayəndə heyətinin qurumun işində iştirakını dayandırdığını xatırladıb. Bu kontekstdə Bakı Avropa Şurasından (AŞ) tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir. Lakin AŞ-nin Baş katibi Alen Berse bu addımın atılmamasını xahiş edib və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılmasını istəyib.
Azərbaycan Prezidenti ölkəmizin AŞPA-ya qayıtması üçün ilk növbədə bizim nümayəndə heyətinin səsvermə hüququnun bərpa edilməli olduğunu vurğulayıb. Bu müstəvidə AŞPA qəbul etdiyi ədalətsiz qərardan geri çəkilməli və səhvlərini etiraf etməlidir.
Əslində 2001-ci ildə AŞ-yə könüllü qoşulan Azərbaycan o dövrdə təşkilatdan Qarabağ məsələsinin həllində dəstək gözləyirdi, lakin bu baş vermədi. İndi isə Azərbaycanın AŞ-dən tam şəkildə çıxmasını ölkəmizdə heç kəs hiss etməyəcək.
Bununla belə, Azərbaycan AŞPA və o cümlədən Avropa Parlamenti ilə qaşıdurmaya getmək istəmir. Hərçənd onlar Azərbaycana xüsusi bir qərəzlə yanaşaraq, əsassız hücumlar təşkil edirlər.
Bu baxımdan, ölkəmizin AŞPA-da tam iştirak hüququnun qaytarılması barədə mövqeyi Azərbaycanın əsas siyasi platformalarından biri ilə dialoqu davam etmək istəyini sərgiləyir. Azərbaycan ardıcıl şəkildə əməkdaşlığın bərabərlik, qarşılıqlı hörmət və siyasi motivli qərarların rədd edilməsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulayır.
Azərbaycanın nümayəndə heyətinin iştirakının məhdudlaşdırılması isə ümumavropa parlament dialoqu ideyasını sarsıdır və üzv dövlətləri ümumi problemləri müzakirə etməkdə birləşdirmək üçün nəzərdə tutulmuş bir qurum kimi AŞPA-nın effektivliyini azaldır. Azərbaycan bu cür tədbirlərin etimadın qurulmasına töhfə vermədiyini, əkisnə konstruktiv qarşılıqlı əlaqələrə əlavə maneələr yaratdığını diqqətə çatdırır.
Avropadakı müxtəlif dairələrin Azərbaycana qarşı qərəzli siyasəti nəticəsində yaranmış vəziyyətin həlli indi AŞ-nin nə dərəcədə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasından asılı olacaq. Tam dialoqun bərpası siyasi gərginliyin azaldılmasına və Azərbaycanla Avropa institutları arasında əməkdaşlığın gücləndirilməsinə kömək edə bilər. Lakin buna nail olmaq üçün Avropa Şurası siyasi iradə, düzgün addımlar və diplomatik məharət nümayiş etdirməlidir.
Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində rusiyalı analitik Aleksey Naumovun Azərbaycan-Rusiya münasibətlərində mövcud çətinliklər barədə sualının cavabında hamımızın bunların fərqində olduğunu, amma prosesin artıq geridə qalmasının vacibliyini və münasibətlərin tam normallaşdığını diqqətə çatdırıb. Belə ki, müxtəlif səviyyələrdə, o cümlədən hökumət səviyyəsində, hökumət üzvləri, hökumətlərarası komissiyanın həmsədrləri, xarici işlər nazirlikləri və işlər nazirlikləri arasında, prezident administrasiyaları daxilində əlaqələr qurulur. Bakının Rusiya ilə münasibətlərə dəyər verdiyini və iki ölkə arasında münasibətlərin çox müsbət dinamikası ilə bağlı Prezident Putin də daxil olmaqla, Rusiya rəsmilərinin açıqlamaları da bunu sübut edir. Bu baxımdan, Azərbaycan lideri hər şeyin yaxşı getdiyini düşündüyünü və bizim bundan məmnun olduğumuzu vurğulayıb.
Azərbaycan-Rusiya münasibətləri ənənəvi olaraq praqmatik siyasi dialoq, sıx iqtisadi əlaqələr və humanitar əməkdaşlığın kombinasiyasına əsaslanıb. Lakin, son illərdə yığılan ziddiyyətlər, qarşılıqlı etimadın azalması və regional dəyişikliklər ikitərəfli münasibətlərin nəzərəçarpacaq dərəcədə soyumasına səbəb olub. Bu şəraitdə konstruktiv qarşılıqlı əlaqənin bərpası Moskvadan bir sıra ardıcıl siyasi, diplomatik və iqtisadi addımlar atmağı tələb edir.
İlk növbədə, Rusiya Azərbaycanın suverenliyinə və milli maraqlarına hörmət nümayiş etdirməlidir. Bakı üçün daxili işlərinə qarışmamaq və ərazi bütövlüyünün tanınması prinsipi xarici siyasətin əsas elementləri olaraq qalır. Bu prinsiplərə məhəl qoymamaq kimi qəbul edilə biləcək hər hansı bir hərəkət və ya bəyanat siyasi dialoqu çətinləşdirir.
Hər iki ölkədə ictimai qınaq doğuran bütün hadisələrin şəffaf araşdırılmasının təmin edilməsi etimadın bərpasında mühüm amildir. Azərbaycan və ya Rusiya vətəndaşlarının maraqlarına təsir göstərən hallar qanuna və beynəlxalq öhdəliklərə ciddi şəkildə uyğun olaraq mümkün qədər açıq şəkildə həll olunmalıdır.
Rəsmi açıqlamalarda və dövlət mediasında qarşıdurma ritorikasının rədd edilməsi də eyni dərəcədə vacibdir. Beynəlxalq münasibətlərin tarixi göstərir ki, informasiya eskalasiyası, hətta danışıqlar yolu ilə həllini tapa biləcək məsələlərin belə, diplomatik yolla həllini çətinləşdirir.
İqtisadi əməkdaşlıq Rusiya-Azərbaycan münasibətlərinin ən sabit təməllərindən biri olaraq qalır. Bunu gücləndirmək üçün Rusiya qarşılıqlı ticarətin, investisiya əməkdaşlığının, nəqliyyat və logistika layihələrinin və sənaye əməkdaşlığının genişləndirilməsinə diqqət yetirməlidir. Beynəlxalq nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı və regional infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Rusiyada Azərbaycan diasporuna xüsusi diqqət yetirilməlidir. Qanun qarşısında bərabərliyin təmin edilməsi, vətəndaşların qanuni hüquqlarının qorunması və ayrı-seçkiliyin qarşısının alınması sosial gərginliyi əhəmiyyətli dərəcədə azalda və ikitərəfli münasibətlərdə müsbət atmosferi gücləndirə bilər.
Regional təhlükəsizlik sahəsində Rusiya Azərbaycanla qarşılıqlı maraqlara və beynəlxalq hüquqa hörmət əsasında əməkdaşlıq quraraq Cənubi Qafqazda sabitliyə olan marağını bir daha təsdiqləyə bilər. Bu baxımdan, ən yüksək və ekspert səviyyələrində davam edən siyasi dialoq həlledici rol oynayır və ortaya çıxan fikir ayrılıqlarının tez bir zamanda müzakirəsinə imkan verir.
Rusiyanın Azərbaycanla etibarlı münasibətləri bərpa etmək üçün əhəmiyyətli potensialı var. Əsas şərtlərə tərəfdaşın suverenliyinə hörmət, ardıcıl diplomatiya, həssas məsələlərin həllində şəffaflıq, qarşıdurma ritorikasından çəkinmək və qarşılıqlı faydalı iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək daxil ola bilər. Yalnız bu cür tədbirlərin məcmusu Cənubi Qafqazda münasibətlərin uzunmüddətli normallaşdırılması və sabitliyin möhkəmləndirilməsi üçün əsas yarada bilər.
Bu kontekstdə bir məqama da diqqət yetirmək çox vacibdir: məhz Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin strateji düşüncəsi və diplomatik məharəti Rusiya ilə münasibətlərdəki gərginliyin düşmənçilik səviyyəsinə çatmasına imkan verməyib.
Sadalanan məqamlar bir daha sübut edir ki, yaxın və uzaq qonşularla sülh və əməkdaşlıq gündəliyini təklif edən Azərbaycan dünya ictimaiyyətinə yalnız bərabərhüquqlu münasibətlərin inkişafını dəstəkləyəcəyi mesajını verir. Tarazlaşdırılmış xarici siyasət yürüdən Bakı, eyni zamanda, üçüncü bir tərəfə qarşı yönəlmiş əməkdaşlıq niyyətlərini birmənalı şəkildə rədd edir.
Sahil İsgəndərov, politoloq