BAKI, 13 may. TELEQRAF

Pentaqon İranla atəşkəs pozulacağı halda hərbi əməliyyatın adını dəyişməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, "NBC News" telekanalı ABŞ-nin İrana qarşı başladığı “Epik qəzəb” əməliyyatının “Küldəng” (“Operation Sledgehammer”) adı ilə əvəz edilə biləcəyini bildirib.

Məlumata görə, Vaşinqton administrasiyası döyüş əməliyyatlarının yenidən başlaması ehtimalını ciddi şəkildə nəzərdən keçirir. Ağ ev hesab edir ki, əməliyyatın adının dəyişdirilməsi Konqresin nəzərdə tutduğu 60 günlük müddətin yenidən hesablanmasına imkan verə bilər. Həmin müddətdən sonra prezidentin hərbi əməliyyatları davam etdirmək üçün qanunvericilərin təsdiqini alması tələb olunur.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti tərəflər arasında iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Tehranın məlumatına görə, 40 gün davam edən müharibə zamanı ABŞ və İsrailin hücumları nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər uzunmüddətli nizamlanma ilə bağlı razılığa gələ bilməyiblər. ABŞ Prezidenti aprelin 21-də atəşkəs rejimini uzatmaq niyyətində olduğunu açıqlayıb. İran dövlət televiziyası isə Tehranın Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəs uzadılmasını tanımayacağını bildirib.