BAKI, 13 may. TELEQRAF

Livan Prezidenti Cozef Aun İsraili mülki müdafiə əməkdaşlarına hücumları dayandırmağa və aprelin 17-də elan olunan atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Teleqraf xəbər verir ki, Aun bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“İsrailin davam edən hücumları atəşkəs rejiminin möhkəmləndirilməsi səylərinə zərbə vurur. Humanitar missiya həyata keçirən mülki müdafiə əməkdaşlarının öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - deyə Livan prezidenti bildirib.

Cozef Aun mayın 12-də Nəbatiyyə şəhərində İsrailin bombardmanından sonra aparılan xilasetmə əməliyyatı zamanı həlak olan iki mülki müdafiə əməkdaşının ailələrinə başsağlığı verib.

Livan lideri ölkəsinin suverenliyinin qorunması və İsrail qoşunlarının işğal olunmuş ərazilərdən tam çıxarılması məqsədilə beynəlxalq ictimaiyyət və dost ölkələrlə əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən başlayan hərbi eskalasiya dövründə İsrail aviasiyası və pilotsuz uçuş aparatları xilasedicilər və tibb işçilərinə qarşı 163 hücum həyata keçirib. Nəticədə 108 əməkdaş və könüllü həyatını itirib.