BAKI, 13 may. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron BMT-də Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təşəbbüs irəli sürəcəklərini açıqlayıb.

Teleqraf xəbər verir ki, Makron bu barədə “France 24” telekanalına müsahibəsində danışıb.

Fransa lideri bildirib ki, Hörmüz boğazının qeyd-şərtsiz və maneəsiz açılması əsas prioritetdir:

“Bütün blokadalar aradan qaldırılmalı və İranla prinsipial dialoq aparılmalıdır. Bir neçə ölkə ilə birlikdə BMT-də tam neytral və sülhyönlü çərçivə yaradılması təşəbbüsü ilə çıxış etməyi təklif etmişik”.

Makron qeyd edib ki, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə 50 ölkənin iştirakı nəzərdə tutulan xüsusi missiyanın yaradılması planlaşdırılır.

O əlavə edib ki, Paris əvvəlcə Hörmüz boğazı məsələsinin həllini, daha sonra isə İranın nüvə və raket proqramı ilə bağlı ABŞ və “Avropa üçlüyü” – Böyük Britaniya, Almaniya və Fransa arasında dialoqun bərpasını vacib sayır.

Məlumata görə, mayın 7-də Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub. Yelisey sarayı bunu Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına hazırlıq nümayişi kimi qiymətləndirib.

Fransa prezident administrasiyasının nümayəndəsi isə bildirib ki, Paris həm ABŞ, həm də İrana çağırış edir. Tehranın substantiv danışıqlara razılaşması, Vaşinqtonun isə Hörmüz boğazındakı blokadanı aradan qaldırması istənilib. Bundan sonra bölgədə gəmi təhlükəsizliyini təmin edəcək dəniz koalisiyasının fəaliyyətə başlaması planlaşdırılır.