BAKI, 14 iyul. TELEQRAF

Slovakiya Prezidenti Peter Pelleqrini azərbaycanlı həmkarı İlham Əliyevin ona göstərdiyi xüsusi diqqəti və qonaqpərvərliyi yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, Peter Pelleqrini sosial media hesabında İlham Əliyevin səfər zamanı avtomobili şəxsən idarə etməsini xüsusi vurğulayıb:

"Proqramımızın növbəti hissəsi üçün Prezident İlham Əliyevlə birlikdə hərəkət edərkən maraqlı bir ana şahid olduq. Dövlət başçısının rəsmi səfər zamanı sükan arxasına şəxsən keçməsi qeyri-adi bir haldır. Onun bu diqqətcil və qeyri-adi jestindən çox məmnun qaldım".

Slovakiya lideri bu addımı iki ölkə arasındakı strateji tərəfdaşlığın və şəxsi münasibətlərin bir təzahürü kimi xarakterizə edib:

"Bu jest ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin səmimiyyətindən, xalqlarımız arasındakı dostluqdan, eləcə də tərəfdaşlığımızın təməlində dayanan qarşılıqlı etimad və hörmətdən xəbər verir. Bu unudulmaz qonaqpərvərlik nümunəsinə görə Prezident İlham Əliyevə səmimi qəlbdən təşəkkür edirəm".