BAKI, 20 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-yə birləşdirilməsi ilə bağlı irəli sürdüyü plan NATO daxilində parçalanmaya səbəb olub və alyansın bir sıra üzvləri Vaşinqtonla kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın "i Paper" qəzeti Qərb kəşfiyyat dairələrindəki mənbələrə istinadən yazıb.

Nəşrin məlumatında bildirilir ki, NATO-nun bəzi nümayəndələri Trampın hədələri fonunda ABŞ üçün kəşfiyyat məlumatlarına çıxışı məhdudlaşdırıblar. Mənbələrin sözlərinə görə, alyans üzvlərinin kəşfiyyat strukturlarında çalışan əməkdaşlar məlumatların Trampa çatacağından və bunun Qrenlandiyanı güc yolu ilə ələ keçirmə cəhdlərində istifadə oluna biləcəyindən ehtiyat edirlər.

Məqalədə qeyd olunur ki, bu səbəbdən NATO ölkələrinin kəşfiyyat orqanları ABŞ ilə əvvəlki kimi açıq şəkildə danışmaqdan çəkinməyə başlayıblar. Bəzi NATO əməkdaşlarının fikrincə, əvvəllər hörmət edilən və heyranlıq doğuran ölkə indi müttəfiqlərinə arxadan zərbə vurub.