BAKI, 20 yanvar. TELEQRAF
Ümumdünya İqtisadi Forumunun ilk günü sıx duman səbəbindən hava nəqliyyatında ciddi pozuntular qeydə alınıb.
Teleqraf xəbər verir ki, forumun keçirildiyi Davos şəhəri yaxınlığında yerləşən Altenrayn hava limanında uçuşların qəbulu mümkünsüz olub. Nəticədə forum iştirakçılarını daşıyan reyslər digər şəhərlərə yönləndirilib.
İsveçrənin "St. Galler Tagblatt" nəşrinin yazdığına görə, yanvarın 19-23-də keçirilən forumun açılışı ciddi logistika çətinlikləri ilə müşayiət olunub. Adətən forum günlərində hər 15 dəqiqədən bir reys qəbul edən Altenrayn hava limanı duman səbəbindən fəaliyyətini faktiki olaraq dayandırıb.
Dispetçerlər təyyarələri ehtiyat aerodromlara, o cümlədən Sürix, eləcə də Almaniyanın Fridrixshafen və Memmingen şəhərlərinə yönləndirmək məcburiyyətində qalıblar.
Sinoptiklərin proqnozlarına görə, forumun keçirildiyi bütün həftə ərzində bölgədə zəif görünüş və dumanlı hava şəraiti davam edəcək.