BAKI, 19 yanvar. TELEQRAF

Çində doğum səviyyəsi 2025-ci ildə tarixdə ən aşağı həddə düşüb, əhali isə ardıcıl dördüncü ildir ki, azalır.

Teleqraf xəbər verir ki, bu barədə CNN Çin Milli Statistika Bürosunun məlumatlarına istinadən yazıb.

Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə hər 1000 nəfərə 5,63 doğum qeydə alınıb. Bu göstərici 2023-cü ildəki 6,39 səviyyəsindən də aşağıdır və 2016-cı ildən bəri davam edən enişin dayanıqlı xarakter daşıdığını göstərir. 2024-cü ildə müşahidə olunan cüzi artım isə istisna kimi qiymətləndirilir.

Eyni zamanda, rəsmi məlumatlara əsasən, Çinin iqtisadiyyatı 2025-ci ildə 5 faiz böyüyüb ki, bu da hökumətin “təxminən 5 faiz”lik illik hədəfinə uyğundur. Artım əsasən ixracın kəskin yüksəlməsi hesabına təmin olunub və daxili istehlakın zəifliyi, eləcə də ABŞ ilə ticarət gərginliyi bu artımı tamamilə dayandıra bilməyib. İl ərzində Çinin ticarət profisiti rekord həddə - 1,2 trilyon dollar səviyyəsinə çatıb.

Bununla yanaşı, statistika ilin son rübündə iqtisadi yavaşlamaya da işarə edir. Dördüncü rübdə illik artım 4,5 faiz olub ki, bu da 2022-ci ilin sonundan bəri ən zəif rüblük göstərici sayılır. Çin Milli Statistika Bürosunun rəhbəri Kanq Yi bildirib ki, mürəkkəb xarici mühitə və daxili çağırışlara baxmayaraq, iqtisadiyyat “nisbi sabitliyi” qoruyub.

Demoqrafik göstəricilər isə Pekin üçün ciddi siqnal kimi dəyərləndirilir. 2025-ci ildə ölkədə 7,92 milyon uşaq doğulub, ölənlərin sayı isə 11,31 milyona çatıb. Nəticədə ümumi əhali 3,39 milyon nəfər azalıb və Çinin əhalisi 1,4 milyard səviyyəsində formalaşıb. Çin əhalinin sayına görə hazırda yalnız Hindistandan geri qalır.

Ekspertlər bildirirlər ki, bu tendensiya əmək qabiliyyətli əhalinin azalması və pensiya yaşında olanların sayının artması fonunda uzunmüddətli iqtisadi risklər yaradır. 2025-ci ildə 60 yaşdan yuxarı əhalinin sayı 323 milyona çatıb və bu qrup ümumi əhalinin 23 faizini təşkil edib. BMT-nin proqnozlarına görə, 2100-cü ilə qədər Çində əhalinin yarısının 60 yaşdan yuxarı olması mümkündür.

Çin rəhbəri Si Cinpin “əhali təhlükəsizliyi” anlayışını prioritet elan edib və hökumət doğum səviyyəsini artırmaq üçün müxtəlif stimullar tətbiq edir. Son illər ailələrə azyaşlı uşaqlara görə illik maliyyə dəstəyi, nikah qeydiyyatının sadələşdirilməsi, pulsuz dövlət uşaq bağçalarının yaradılması kimi addımlar atılıb. Yerli hakimiyyət orqanları isə vergi güzəştləri, mənzil dəstəyi və uzadılmış analıq məzuniyyəti kimi təşviqlərdən istifadə edir.

Buna baxmayaraq, analitiklər hesab edirlər ki, işsizlik problemləri, uşaqların böyüdülməsinin yüksək xərcləri və ailə yükünün qeyri-bərabər bölüşdürülməsi fonunda doğum səviyyəsinin azalmasının qarşısını tam almaq çətin olacaq.