BAKI, 19 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməyə mane olmağa cəhd edəcək hər kəsə qarşı cəza xarakterli rüsumlar tətbiq edəcəyi ilə bağlı hədəsi Avropanın səbir kasasını daşıran son damla olub.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşrin fikrincə, ABŞ-nin yanaşmasında radikal dəyişiklik baş verməsə, bu proses Qərb blokunun köklü şəkildə yenidən qurulması ilə nəticələnəcək, bu da qlobal güc balansını alt-üst edəcək. Avropa Amerika liderinin təhdidlərindən sonra özünün müstəqil təhlükəsizlik alyansını yaratmağa hazırdır.
“Politico” qeyd edib ki, Avropa dövlətləri, o cümlədən Avropa İttifaqına (Aİ) daxil olmayan Böyük Britaniya və Norveç ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərən səmərəli qrup çərçivəsində işləməyə həsr edib. Bu qrup “Könüllülər Koalisiyası” adlanır.
35 hökumətin milli təhlükəsizlik üzrə müşavirləri mütəmadi təmasdadır, tez-tez onlayn və üzbəüz görüşür, qeyri-rəsmi formada da əlaqə saxlayırlar. Onlar Trampın böyük problemə çevrildiyi dünyada çoxtərəfli həll yolları axtarmağa öyrəşiblər.
Böyük Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni və digər avropalı liderlər mütəmadi olaraq bir-biri ilə yazışırlar, eyni qrup çərçivəsində hərəkət edirlər.
Qeyd olunub ki, onlar son bir ildə Trampın potensial təhlükəli addımlarına qarşı yaxşı işləyən kommunikasiya mexanizmi formalaşdırıblar.