BAKI, 19 yanvar. TELEQRAF
Avropa Şurasının sədri Antonio Koşta ABŞ-nin mümkün ticarət rüsumları və Qrenlandiya ətrafında yaranmış vəziyyət fonunda qurumun növbədənkənar iclasının çağırılacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Antonio Koşta bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, son hadisələrin əhəmiyyətini və əlavə koordinasiyaya ehtiyacı nəzərə alaraq yaxın günlərdə Avropa Şurasının növbədənkənar iclasının keçirilməsi qərara alınıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsi ilə əlaqədar bir sıra Avropa ölkələrinə qarşı 10 faiz həcmində rüsum tətbiq edəcəyini bəyan edib. Bu addım NATO-ya üzv olan səkkiz ölkə tərəfindən pislənilib.
Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev isə Avropa dövlətlərinin sonda geri çəkiləcəyini və ABŞ-nin Qrenlandiyanı əldə edəcəyini iddia edib.
“Financial Times” qəzetinin məlumatına görə, Avropa İttifaqı Trampın rüsum təhdidlərinə cavab olaraq 93 milyard avro dəyərində idxala rüsum tətbiq etmək imkanını nəzərdən keçirir.