BAKI, 19 yanvar. TELEQRAF

İran hakimiyyəti ölkədə həyatın tədricən normallaşdığını göstərməyə çalışdığı vaxtda, son həftələrdə ölkəni bürüyən etirazlara dair ağır itkiləri ortaya qoyan şokedici rəqəmlər açıqlanır. İran mənbələri təxminən 5 min nəfərin öldürüldüyünü bildirir, ən şiddətli toqquşmaların kürd bölgələrində baş verdiyini təsdiqləyir. Bu arada, xalqın etirazlarını cilovlamaq və nəzarəti bərpa etmək məqsədilə məktəblər yenidən fəaliyyətə başlayır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Mənbənin fikrincə, bu inkişaflar İran hakimiyyətini təhlükəsizliyin təmin edilməsi ilə ictimai tələblərə cavab vermək arasında çətin sınaq qarşısında qoyan dərin böhranı əks etdirir.

İranlı analitik Məhəmməd Saleh Sadeqian “Sky News Arabia”ya deyib ki, ötən bazar ertəsindən etibarən Tehran və bir sıra şəhərlərdə keçirilən milyonluq nümayişlərə baxmayaraq, təhlükəsizlik və polis qüvvələri müxtəlif bölgələrdə nəzarəti saxlayıb, bu da vəziyyətin idarə olunması və daha böyük eskalasiyanın qarşısının alınmasına kömək edib.

O qeyd edib ki, həmin gündən etibarən etirazlar sakitləşməyə doğru meyl göstərib. Sadeqian vurğulayıb ki, Rza Pəhləvinin Tehran və digər şəhərlərdə etirazlara çağırışları, əvvəlki aksiyalarda iştirak edənlər də daxil olmaqla, cəmiyyət tərəfindən cavabsız qoyulub.

Ekspertin sözlərinə görə, ötən şənbə günü Tehranda rəsmi istirahət günü olub, ertəsi gün isə məktəblər normal qaydada açılıb ki, bu da həyatın adi məcrasına qayıtdığını göstərir.

Sadeqianın fikrincə, bu, birbaşa gərginliyin yaşandığı bölgələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti bərpa etməsi ilə bağlıdır və bu amil nisbi sakitliyin təmin olunmasında həlledici rol oynayıb.

İsrailin İranın Ali rəhbəri Əli Xameneiyə qarşı təhdidlərinə toxunan analitik söyləyib ki, hökumət və Prezident Məsud Pezeşkian bu cür təhdidlərə laqeyd və ya soyuqqanlı yanaşa bilməzdi: “Çünki bu, İran daxili və xaricində dini elmi mərkəzlər və şiə dini çevrələri tərəfindən sərt tənqidlərə səbəb ola bilərdi. Pezeşkian ali rəhbərin hədəfə alınması məsələsinin qaldırıldığı 12 günlük müharibə zamanı edilən təhdidlərin xatırladılması fonunda bu dini və siyasi simvolu müdafiə etmək üçün aydın mövqe tutmağa məcbur oldu”.

Sadeqian vurğulayıb ki, etirazlar əsasən yaşayış şəraiti ilə bağlı narazılıqlardan qaynaqlanıb, indiyədək görülən hökumət tədbirləri vətəndaşları yığılıb qalmış problemlərin həll olunacağına inandıra bilməyib.

O əlavə edib ki, rialın devalvasiyasının qarşısının alınması, inflyasiyanın azaldılması və alıcılıq qabiliyyətinin yaxşılaşdırılması hələ də iranlıların gözləntiləri sırasındadır, vətəndaşlar bu sahədə real nəticələr görmürlər: “İran bu çərçivədə iqtisadi sanksiyaların ləğvi məqsədilə ABŞ administrasiyası ilə danışıqlar masasına oturmağa hazırdır. Bu, Tehranda iqtisadi böhrandan çıxış yolu axtarışının bir hissəsi kimi dəyərləndirilir”.

Analitik irimiqyaslı maliyyə korrupsiyasının qarşısının alınması və dövlət büdcəsinin talan edilməsinin dayandırılmasını hökumətin üzləşdiyi əsas çağırışlar sırasında göstərib və İran ictimaiyyətinin bu sahələrdə real addımlar gözlədiyini vurğulayıb.