BAKI, 19 yanvar. TELEQRAF

Adətən havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hazırda əhali arasında yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunan xəstəlik yayılıb. Bəziləri bunun adi qripdən fərqləndiyini və yeni bir virus növü olduğunu deyirlər.

Teleqraf” İnformasiya Agentliyi mövzu ilə bağlı suallarını İnfeksion Xəstəlikləri və Klinik Mikrobiologiya mütəxəssisi Vasif Əliyevə ünvanlayıb.

Onunla müsahibəni təqdim edirik:

- Vasif həkim, əhali arasında yayılan xəstəlik ciddi narahatlıq yaradır. Bir mütəxəssis kimi baş verənləri necə xarakterizə edərsiniz?

- Bəli, son zamanlar soyuqdəymə əlamətləri ilə respirator infeksiyaların sayında artım müşahidə edirik. Xüsusilə, qış mövsümündə artımın olması normaldır.

Hazırda hansı növ virusun yayıldığını demək çətindir, çünki rəsmi olaraq skrininq (tibbi müayinələr, testlər və prosedurlar toplusu) aparılmayıb. Nə bölgələrdə, nə də Bakıda... Bunun üçün səhiyyə ocaqlarına müraciət edənlər - istər böyük, istərsə də uşaqlardan respirator bir yaxma götürülməli, test aparılmalıdır.

- Skrininq aparılmasa da müşahidələrə əsasən demək olar hər kəsdə eyni əlamətlərdi - bədəndə ağrılar, halsızlıq, qızdırma.

- Sadalanan əlamətlərə səbəb qrip, COVİD-19, parainfluenza, adenovirus, norovirus və ya digər respirator viruslar səbəb ola bilər. Bu virusların hamısının əlamətləri qızdırma, əzələ ağrıları, boğaz ağrısı, burun axıntısı, halsızlıq, iştahsızlıq, yorğunluq, ürəkbulanma, qarın ağrısı və ishala qədər gedə bilər.

Bəzi insanlarda bu əlamətlərin çox hissəsi görünə bilər. Elə insan var ki, onda hansı virus olmasından asılı olmayaraq asimptomatik ola bilər, yəni çox yüngül ola bilər.

- Xəstəliyi yüngül keçirmək və ya heç yoluxmamaq üçün nə etmək lazımdır?

- Xüsusilə, risk qrupunda olan şəxslərin (uşaqlar, yaşlılar, hamilə qadınlar, orqan çatışmazlığı olanlar, yanaşı xroniki xəstəlikləri olanlar və s.) xəstəliyi ağır keçməsinin qarşısını almaq üçün öncədən profilaktik olaraq peyvənd olunmaları məsləhətlidir. Onlar oktyabr ayından etibarən peyvənd oluna bilərlər.

- Bəs virusa yoluxmuş şəxslər nə etsinlər?

- İlk növbədə digər insanların xəstəliyə yoluxmasının qarşısını almaq lazımdır. Xəstəliyə yoluxanlar izolyasiya olunmalıdır. Maska istifadəsi, ara məsafəsinin gözlənilməsi, evdə qalmaq kimi respirator infeksiyalar üçün olan önləyici tədbirlər görülməlidir. Hər bir respirator infeksiya hava damcı yolu ilə ötürüldüyünə görə ortaq bir müdafiə sistemi var. Bu da xəstə şəxsi izolə etmək, sağlam insanla təmasdan yayındırmaqdır. Xəstə insanlar bol maye içməli, simptomatik müalicə, yəni ağrıkəsici, temperaturu aşağı salmaq üçün dərman istifadə etməlidir.

- Hansı hallarda həkimə müraciət edilməlidir?

- Əgər qızdırma davam edirsə, öskürək artıbsa, həmçinin bəlğəm çıxışı yaranıbsa, halsızlıq və yorğunluq artıbsa, xəstənin ümumi klinik vəziyyəti pisləşirsə və virusa yoluxmasından 3 gün keçməsinə baxmayaraq bu hallarda artım varsa, mütləq həkimə müraciət edilməlidir.

Xəstənin ev şəraitində olmasına baxmayaraq həkim nəzarəti mütləqdir. Xəstəlik 3-4 gündən sonra daha da ağırlaşarsa, xəstəxana şəraitinə keçilə bilər.

- Uşaqlar arasında ən çox "İnfluenza-A" virusu yayılıb. Pediatrlar birbaşa bu virusun müalicəsinə yönəlik bir neçə dərman məsləhət görürlər, amma onları apteklərdən əldə etmək qeyri-mümkündür. Çox yüksək hərarətlə müşahidə olunan xəstəliyin müalicəsində nələrə diqqət edilməlidir?

- “İnfluenza-A” virusu qrip virusunun törədicisidir. Uşaqlar arasında yayılıbsa, böyüklər arasında da yayılıb. Çünki böyüklərə də daha çox uşaqlardan keçir. Qış mövsümündə xüsusilə artım olur.

Bütün respirator infeksiyalarda qorunma yolu eynidir. Amma qrip virusunun digər viruslardan fərqli olaraq hər il yenilənən peyvəndi var. Qrip peyvəndi hər il yenilənir. Bir öncəki mutasiyaya bağlı olaraq yeni bir peyvənd çıxarılır. Bu, mövsümü xarakter daşıyır.

- Vasif həkim, Türkiyənin Ərzincan bölgəsində 2 yaşlı uşaq qripə bənzər nadir yuxarı tənəffüs yolu infeksiyası olan bokavirusa yoluxmuşdu. Məlumatlara görə, tez bir zamanda vəziyyəti pisləşib, nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib. Hətta orqan nəqlinə ehtiyac duyula bilərmiş. Belə deyək, ölümcül virusla üzbəüz qalıb. Bu virusla bağlı həmin bölgədə sos siqnalı da çalınmışdı. Ölkəmizdə yayılma ehtimalı varmı, təhlükəsi nələrdir?

- Bu da respirator infeksiyalardandır, yəni qrip, COVİD-19 kimi. Respirator infeksiyalar hamısı bir insandan digərinə çox rahatlıqla ötürülə bilər.

Azərbaycanda da bokavirusun olması normaldır. Hər il olduğu kimi indi də bu virusa yoluxanlara rast gəlmək mümkündür. Dünyada isə belə bir virusun epidemiya təhlükəsi ilə bağlı məlumat yoxdur.

- Yeni mutasiyaların mövsümi xəstəliklərə təsiri necədir?

- Xüsusilə, qrip və COVİD-19 virusları hər zaman pandemiyalara, lokal epidemiyalara səbəb olub və olacaq. Müəyyən müddətdən bir epidemiyalar, pandemiyalar qaçılmazdır. Çünki bu viruslar mutasiya qazandırma xüsusiyyətinə sahibdir. Yeni mutasiyalar isə onlara fərqli xüsusiyyətlər qatır.

Bəzi viruslar insanlar arasında daha sürətlə yayılsa belə, yüngül müşahidə olunur. Məsələn, qrip virusu... Kimiləri onu yüngül, kimiləri ağır keçirir. COVİD-19 pandemiyası zamanı da bəzi insanlar xəstəliyi xəstəliyi sadəcə virus daşıyıcısı olaraq keçirdilər.

Bu, bütün virusların özlərinə yeni bir mutasiya qazandırma xüsusiyyətidir. Məsələn, pandemiya dövründə fərqli-fərqli ştamplar yarandı və ona yoluxduq. Əvvəl ağır formalar idi, sonra yüngül formalarla qarşılaşdıq.

- COVID-19-dan söhbət düşmüşkən, onunla bağlı vəziyyət necədir?

- Pandemiyanın bitməsi həmin virusun yoxa çıxması anlamına gəlmir. Bu cür viruslar hər zaman bizimlədir, buna görə yoluxan insanlar da çox olacaq.

- Təəssüf ki, cəmiyyət olaraq antibiotiklərdən düzgün istifadə qaydalarını bilmirik. Az qala hər xəstəliyin müalicəsində ondan istifadə edirik. Eləcə də bu virus xəstəliklərində... Bir qrup mütəxəssislər də var ki, onlar məhz belə viruslarla mübarizədə antibiotik verilməsinin qəti əleyhinədirlər. Siz necə düşünürsünüz?

- Virus infeksiyalarında erkən mərhələdə heç birində antibiotikə göstəriş yoxdur. Çünki antibiotik bakteriyalara təsir göstərir, ona görə bu xəstəliklərdə onun heç bir faydası yoxdur. Antibiotik istifadə etmək həm maddi ziyan vurar, həm də gələcəkdə ona qarşı davamlılığın yaranmasına səbəb olur.

Xəstəxanada həkimin qərarından asılı olaraq antibiotik müalicəsinə başlanıla bilər. Virus əleyhinə olan preparatlar isə antivirallardır, bunlar da çox deyillər. Xəstəliyin erkən mərhələsində risk qrupunda olan şəxslərdə istifadəsinə göstəriş var. Digər viruslarda isə virus əleyhinə dərmanın təsiri yoxdur. Skrinninq həm də ona görə vacibdir ki, virusu təyin edib ona uyğun ilkin dərmanı da istifadə edə bilirik. Gecikmiş formada antibiotik istifadə etmək olar. Əgər ikincili bakterial bir ağırlaşma yaranarsa, onda antibiotik istifadə edilə bilər.

Apteklərdə antibiotikin sərbəst şəkildə satışı onun istifadəsini sürətləndirir və lazımsız məqamlara yol açır. Bu hal gələcəkdə biz həkimlər belə antibiotik tapa bilməməsinə gətirib çıxara bilər.

Mütləq şəkildə antibiotik həkim göstərişi əsasında reseptlə istifadə edilməlidir.

- Antibiotikin hansı yan təsirləri ola bilər?

- Fərqli antibiotik qrupları var. Hər bir antibiotikin bir çox özünəməxsus yan təsirləri var. Ən çox görülən yan təsir allergik reaksiyalardır. Xəstəxana şəraitində vurulmazsa, şok verə bilər. Xəstə daha da ağırlaşar. Ürək, böyrək, qaraciyər, beyin kimi orqanlara da yan təsirləri ola bilər.

Hər bir antibiotikin yan təsirləri onun qrupundan, növündən asılıdır. Əlbəttə, həkim istifadə edərkən bunların hamısını bilir və xəstənin yanaşı xəstəliklərinə uyğun antibiotik seçir.

- Geniş müzakirə olunan mövzulardan biri də sistem köçürülmə məsələsidir. El arasında olduqca məşhurdur.

- Xəstə ağız vasitəsi ilə su və qida ala bilirsə, sistemə gərək görmürəm. Çünki ağız vasitəsilə alınan qida və su yetərlidir.

Sistemin tərkibində nələr olduğuna diqqət etmək lazımdır. Azərbaycanda insanlar ev şəraitində müalicəyə çox alışıb. Ev şəraitində iynə, sistem vurmaq olmaz. Bunlar xəstəxana şəraitində həkim nəzarətində olmalıdır.

- Son olaraq əhaliyə nə tövsiyə edərdiniz?

- Bəzən insanlar xəstə olsalar da, məcburi işə, dərsə gedirlər və ictimai nəqliyyatdan istifadə edirlər. Xəstə olan şəxslərə evdə qalmağı tövsiyə edirəm. Bu həm tez sağalmaları üçün, həm də xəstəliyi digər insanlara ötürməmək üçün mütləqdir.

FOTO: Elnur Muxtar