BAKI, 19 yanvar. TELEQRAF
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
Teleqraf xəbər verir ki, komitənin bugünkü iclasının gündəliyinə “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində, (birinci oxunuş) bəzi dəyişikliklərin edilməsi təklif edilir.
Dəyişikliyə əsasən, "Avtomobil yolları haqqında" Qanunda da avtomagistral anlayışının müvafiq redaksiyada verilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, ölkəmizdə avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə müəyyən edilib. Həmçinin "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında" Nazirlər Kabinetinin 2023-cü il tarixli 5 sentyabr tarixli 309 nömrəli Qərarı qəbul edilib. Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə 85-ci maddənin birinci hissəsinin 10-cu bəndinə "Qeyd" hissəsinin əlavə edilməsi nəzərdə tutulur. Əlavə edilməsi təklif olunan "Qeyd" hissəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilən və saxlanılan nəqliyyat vasitəsi üçün nəqliyyat vasitəsi sahibi tərəfindən müəyyən edilmiş məbləğdə haqqın ödənilməsindən dərhal sonra həmin nəqliyyat vasitəsinin sahibinə qaytarılması nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.
Bundan başqa əlavə edilməsi nəzərdə tutulan "Qeyd" hissəsinə aşağıdakı müddəaların əlavə edilməsi təklif edilir:
1) nəqliyyat vasitəsinin qanunsuz saxlanıldığı və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulduğu hallarda nəqliyyat vasitəsinin sahibinin inzibati qaydada və məhkəməyə şikayət vermək hüququn olması;
2) mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqqın nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlanılması;
3) nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildiyi və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin təmin edildiyi hallarda nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə geri qaytarılması məsələləri daxildir.